Putin-Ərdoğan görüşü nə vəd edir? Politoloq: “Moskva görüşü çox çətin keçəcək...”
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində Dəməşq rejiminə qarşı başlatdığı “Bahar qalxanı” əməliyyatında Silahlı Pilotsuz Uçuş Aparatları (PUA) rejim əsgərlərinə ağır zərbələr vurub. Əsədin ən böyük dəstəkçisi olan Rusiyanın istehsalı olan, 15 milyon dollarlıq “Pantsir S-1" hava hücumundan müdafiə sistemi Sərakib qəsəbəsi yaxınlığında məhv edilib. Hadisə zamanı sistemin radiolakasiya dalğaları aktiv şəkildə olub. Buna baxmayaraq, türklərin PUA və SPUA-larını təsbit edə bilməyib.Terrorçulara sarsıdıcı zərbələr endirən Türk ordusu təəssüf ki, növbəti dəfə itkilərə məruz qalıb. Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar məlumat verib. “Bahar Qalxanı” əməliyyatı keçirilən ərazidə Suriya rejimi tərəfindən qüvvələrimizin atəşə tutulması nəticəsində əsgərlərimizdən 1-i öldürüldü, 9-u isə yaralandı. Rejimin bu bölgədəki 82 hədəfinə cavab atəşi davam edir", - deyə H. Akar bildirib.
Digər bir xəbərə görə, Rusiya prezidenti Vladimir Putin Almaniyanın səylərinə baxmayaraq 4-lü zirvədə iştirak etməkdən imtina edib. Bu barədə Almaniya kansleri Angela Merkel açıqlama verib. O bildirib ki, rəsmi Berlin Kreml rəhbərinə Suriya münaqişəsinə dair 4-lü zirvədə iştirak etməsi üçün təklif göndərib. Lakin Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa lideri Emmanuel Makronun da iştirakı nəzərdə tutulan toplantıya qatılmağı rədd edib.
Qeyd edək ki, xarici KİV-lər Ərdoğanın və Makronun zirvəyə qatılmağa razılıq verdiyini açıqlamışdı. Lakin Putin dəvətdən imtina etdiyinə görə Almaniya zirvənin keçirilməsini mənasız hesab edir. Əlavə edək ki, martın 5-də Rusiyada Putin və Ərdoğan arasında görüş baş tutacaq.
Yaşanan gərginliklərin fonunda Türkiyə və Rusiya prezidentlərinin martın 5-də baş tutacaq Moskva görüşündə hansı anlaşmaların əldə olunacağı gündəmin ən vacib mövzularındandır.
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında gözləntilərini bölüşdü: “Moskva görüşü əlbəttə ki, çox çətin keçəcək. Əvvəlcə görüş yeri məlum deyildi. Rusiya prezidenti Vladimir Putin bildirdi ki, o, Türkiyə prezidentini öz iqamətgahında gözləyir. Burada əsas məsələ ondan ibarətdir ki, tərəflər Astana prosesindən, Soçi danışıqlarından sonra ortaq məxrəcə gələ bilmişdilərsə, hazırda vəziyyət köklü surətdə dəyişib. Yəni eskalasiya zonalarında gərginliyi aradan qaldırmaq planı öz-özlüyündə iflasa uğradı”.
T.Abbasov mübahisə mövzularından bəhs edərkən bildirdi ki, artıq tərəflərin məqsədləri haçalanıb: “Əgər Rusiya Suriyanın müttəfiqi kimi İdlibdə, onun ətrafında terror qruplaşmasının qalıqlarını dağıtmaq, rədd etmək, terror mübarizəsinə nöqtə qoymaq, Suriyanın ərazi bütövlüyünü bərpa etmək istəyirsə - Bəşər Əsəd hakimiyyəti bunun üçün çalışır - Türkiyənin məqsədləri başqa istiqamətə yönəlib. Təbii ki, Türkiyə ilk növbədə özünün cənub sərhədlərində təhlükəsizlik zonasının möhkəmlənməsini istəyir. Digər tərəfdən də artıq Qərblə əməkdaşlığa gedir. Çünki Qərbin ilk gündən qurduğu plan Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq idi, Türkiyə də buna şərik çıxır. İndi Türkiyənin bu istiqamətdə Rusiyanın əzəli rəqibi olan ABŞ və Qərb koalisiyası ilə həmahəng çıxış etməsi problemləri və vəziyyəti daha da mürəkkəbləşdirir”.
Politoloq hesab edir ki, hazırda Moskva və Ankaranın yenidən gündəlik tərtib etməsi, həmin gündəliyə riayət etmələri zərurəti yaranıb: “Burada təbii ki, məqsədlərin üst-üstə düşməsi son dərəcə vacib rol oynayacaq. Əgər onlar məqsəd və məram ətrafında ortaq məxrəcə gəlsələr, dil tapsalar, o halda danışıqlar uğurlu olacaq. Yox, əgər yenə də hərəsi bir sözü deyib, digər tərəfdən əks istiqamətlərə çəkilməli olsalar, onda vəziyyət son dərəcə ağır olacaq. Çünki istər-istəməz, ilk növbədə terrorla mübarizə özünün məntiqi nəticəsinə çatmalıdır. Digər tərəfdən də ABŞ-ın səyləri özünü əks etdirir. Çünki ABŞ özünün Əfqanıstandakı kontingentinin bir qismini oradan çıxartmaq istəyir. Ehtimallar var ki, həmin o kontingent yenidən İraq və Suriya ərazisinə qayıda bilər. Yaddan çıxartmayaq ki, Əfqanıstanda keçmiş terrorçuların bəzi qruplaşmaları formalaşıb, yenidən döyüşə hazırdırlar. Ola bilsin ki, ABŞ öz müttəfiqləri ilə İŞİD-ə qarşı yeni bir platforma yaratsın. Ona görə də bunun təhlükəsi var. Bu yaxınlarda Pompeonun ”İdlib xalqı azadlıq istəyir" deməsi də ondan xəbər verir ki, ABŞ başda olmaqla, Qərb orada separatçı meyllərə dəstək verməyə hazırlaşır. Bir halda ki, Türkiyə indi həm də Qarabağ istiqamətində öz fəallığını artırmaq istəyir və bu niyyətdədir, həmin o təhlükəli meyllərə rəvac verməsə, ümumi vəziyyət yaxşı olar".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, hər iki tərəf görüşə ciddi hazırlaşıb: “Həmçinin hər iki tərəf bu görüşə qədər Suriyada mövqelərini gücləndirməyə çalışıb. Türkiyə ordusu İdlib ətrafında Əsəd rejiminin mövqelərini darmadağın edir və sahədə əlini gücləndirir, buna cavab olaraq Rusiya hərbi birlikləri Suriya silahlı müxalifətinin bir neçə gün əvvəl ələ keçirdiyi kiçik qəsəbələri yenidən nəzarət altına ala bilir. Sahədə güclü olan masada da güclü olacaq”.
Moskvada hansı nəticələrin hasil olacağına gəldikdə, E.Şahinoğlu bunları bildirdi: “Türkiyənin əsas marağı odur ki, İdlib ətrafında yenidən atəşkəs elan olunsun, Əsəd rejiminə bağlı qüvvələr Soçi anlaşmasına uyğun olaraq geri çəkilsinlər. Rusiyanın isə marağı odur ki, Türkiyə Soçi anlaşmasına görə İdlibdə terrorçuları silahlı müxalifətdən ayırsın və terrorçular Rusiyanın yaxınlıqdakı hərbi bazasına hücumlar həyata keçirə bilməsinlər”.
Politoloq qeyd etdi ki, bunlar fərqli maraqlardır: “Rusiya İdlibi terrorçuların son qalası hesab edir və bu şəhəri gec və ya tez ələ keçirməyi vacib sayır. Türkiyə üçün İdlibdəki terrorçuları neytrallaşdırmaq çətindir. Çünki Suriyada 9 illik müharibədən sonra terrorçuların böyük əksəriyyəti İdlibdə toplanıb. Onların sayı on minlərlədir. Türkiyə onların hamısını neytrallaşdıra bilməz. Öz növbəsində terrorçular da təslim olmayacaqlar. Çünki anlayırlar ki, Əsəd rejiminə təslim olsalar, özlərini və ailələrini ölüm gözləyir. Ona görə də terrorçular savaşmağa üstünlük verirlər. Belə olan halda Ərdoğan və Putin Moskvada yenə nəyəsə anlaşsalar belə, bu, müvəqqəti xarakter daşıyacaq”.
Beləliklə, Moskva görüşü Suriya savaşını körükləyə, fəlakətlərin miqyasını genişləndirə də bilər. Bir reallıq da var ki, hələlik “Moskva göz yaşlarına inanmır...”
“Yeni Müsavat”