Düşmən diversantlarına pul gücünə cəsarət qazandırmağa çalışır – Əcaib qanun!
Ermənistan parlamenti hərbçilərə kompensasiyanın verilməsi ilə bağlı layihəni təsdiqləyib.Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, sözügedən qanun xidmət zamanı zərər görən hərbi qulluqçulara müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutsa da, qanundakı bir sıra müddəalar əcaibliyi ilə diqqət çəkir.
Məsələn, qanuna görə əgər postda və ya səngərdə dayanan erməni hərbçiləri düşmən hücumuna məruz qalarsa və bu zaman onlar güllə yarası alarsa, kompensasiya almaları üçün onların hökmən əlillik dərəcəsi almaları şərtdir. Bu situasiyada I və ya II qrup əlillik alanlar kompensasiya ilə təmin ediləcək. III qrup əlil hərbi qulluqçular isə bu imkandan faydalana bilməyəcəklər.
Qanun layihəsində ən maraqlı müddəalardan biri də diversantlarla bağlı hissədir. Qanuna görə, ““xüsusi tapşırıq nəticəsində” döyüş tapşırığı zamanı vurulan hərbi qulluqçular “zərərin olub-olmamasından asılı olmayaraq” faydalananlar siyahısına daxil ediləcək”.
Mətndən də aydın olduğu kimi, xüsusi tapşırıq həyata keçirən, başqa sözlə desək, diversiya əməliyaytına cəlb edilən şəxslər güllə yarası aldıqları təqdirdə, bu yaranın ağırlıq və qalıcılıq dərəcəsindən asılı olmayaraq, kompensasiya alacaqlar. Hansı ki, diversantlarla bağlı məsələnin bu şəkildə qoyuluşu, düşmən hərbçilərini diversiya əməliyatlarında iştiraka həvəsləndirmək məqsədi güddüyü göz önündədir.
Xatırladaq ki, atəşkəs rejiminin mövcudluğuna baxmayaraq, Ermənistan SQ-ləri dəfələrlə ordumuza qarşı diversiya əməliyatları həyata keçirməyə cəhd etsə də, hər dəfə ağır itki verərək geri çəkilməyə məcbur olub. Bu isə öz növbəsində düşmən ordusunda qorxu və ümidsizlik əhval-ruhiyyəsinin daha da artmasına səbəb olub. Görünən odur ki, Ermənistan parlamenti hazırda pul gücünə diversantlara cəsarət verməyə, onları bu cür əməliyyatlarda iştiraka həvəsləndirməyə çalışır.