Bingemton Universitetinin tədqiqatçıları kompüterin öz istifadəçisini onun beyninin müəyyən sözlərə necə reaksiya verməsi əsasında identifikasiya edə bilməsini müəyyənləşdiriblər. İKT.lent.az-ın “Payspacemagazine”yə istinadən xəbərinə görə, bu o deməkdir ki, parolu daxil etmək əvəzinə, istifadəçi sadəcə bir neçə sözü dinləyərək, fayllara və ya sosial şəbəkə hesabına daxil ola bilər.
Bu yaxınlarda dərc edilən elmi işdə Bingemton Universitetinin mütəxəssisləri “FBI” və “DVD” kimi 75 qısaldılmış sözdən ibarət siyahını oxuyan 45 könüllünün beyninin siqnalları üzərində müşahidələr aparıblar. Onlar beynin hər hərf qrupuna reaksiyasını qeydə alaraq diqqəti beynin oxumaq və sözlərin tanınması ilə əlaqədar hissəsinə yönəldiblər. Alimlər müəyyən edib ki, iştirakçıların beyni hər abreviaturaya müxtəlif şəkildə reaksiya verib. Bu, kompüter sisteminin hər bir könüllünü 94 faiz dəqiqliklə identifikasiya etməsinə kifayət edib.Nəticələr göstərir ki, beyin siqnalları təhlükəsizlik sistemləri tərəfindən insanın şəxsiyyətini identifikasiya etmək üçün istifadə oluna bilər. Qısa olaraq bunu belə izah etmək olar: siz beynin skanerinə qoşulursunuz, kompüter isə sizə bir neçə söz göstərir. Bu sözlərə reaksiyanızdan asılı olaraq kompüter sizə sistemə və ya “Facebook” hesabına daxil olmağa icazə verir və ya onu qadağan edir. Dəqiqliyin 94 faiz olması ideal olmasa da, gələcəkdə bu göstərici yaxşılaşdırıla bilər.
Maraqlıdır ki, beyin siqnalları barmaq izləri kimi unikaldır.