ATƏT-in müşahidə missiyası Ərdoğanı tənqid edib

ATƏT-in müşahidə missiyası Ərdoğanı tənqid edib backend

ATƏT-in Türkiyədəki seçkiləri müşahidə edən missiyası ilkin rəyini açıqlayıb. APA-nın xəbərinə görə, rəydə bildirilir ki, seçki kampaniyası və səsvermə prosesi əhalinin geniş iştirakı ilə keçib: “Seçicilər siyasi partiyaların geniş spektri arasından seçim ediblər, lakin parlamentə düşmək üçün 10 faizlik baryer siyasi təmsilçiliyi məhdudlaşdırır. Media azadlığı ciddi narahatlıq doğuran bir sahədir və kampaniya dövründə bəzi media qurumları və jurnalistlər iqtidar partiyasının təzyiqinə və təhdidinə məruz qalıb”.


ATƏT-in qısamüddətli missiyasının koordinatoru Vilija Aleknaite Abramikiende Diyarbəkirdə baş vermiş partlayışları nəzərdə tutaraq seçki kampaniyasının son günlərində yaşanan hadisələrdən sonra insanların səsvermədə bu qədər fəal iştirakından təsirləndiyini söyləyib: “Vətəndaşların bu iştirak səviyyəsi demokratik seçkiyə olan bağlılıqlarını göstərir. Təməl haqlara ümumən riayət edilib. Lakin təəssüf ki, partiyaların binalarına hücumlar və bəzi hallarda ölümlə nəticələnən hadisələr seçkilərə kölgə salıb”.


Açıqlamada seçkilərin peşəkarlıqla hazırlandığı qeyd olunsa da, ali seçki qurumu (YSK) daha şəffaf olmağa çağırılıb. Müşahidəçilər Konstitusiyaya əsasən bitərəf qalmalı olan prezident Ərdoğanın seçki kampaniyasında iqtidar partiyasının lehinə və müxalifətin əleyhinə təbliğat aparmasını tənqid ediblər.
Diaspora