Rusiyanın ən yaxın müttəfiqi hesab olunan Belarus ABŞ-la münasibətləri sıxlaşdırır.
Modern.az Belarus KİV-nə istinadən xəbər verir ki, Minskdə səfərdə olan ABŞ Dövlət katibi Mayk Pompeo prezident Lukaşenko ilə görüşdən sonra Belarusun neftə olan tələbatını 100% təmin edə biləcəklərini açıqlayıb.“Bizim enerji istehsalçılarımız sizi bazardakı qiymətlərə uyğun olaraq, neftlə 100% təmin etməyə hazırdır”.
Pompeo Rusiya ilə Belarus münasibətlərinə də toxunub.
“Belarusla Rusiyanın çoxəsrlik münasibətləri var. Biz sizdən ABŞ-la Rusiya arasında seçim etməyinizi tələb etmirik. ABŞ güclü və müstəqil Belarus dövlətinin olmasında maraqlıdır”.
Pompeo son 15 ildə Minskə səfər edən ən yüksək çinli ABŞ diplomatıdır.
Xatırladaq ki, Rusiyadan neft və qaz idxal edən rəsmi Minsk qiymət bahalığından şikayət etdiyi üçün tərəflər arasında münasibətlər gərginləşib.
Prezident Aleksandr Lukaşenko Kremlin ölkəsini özünə tam tabe etmək istədiyini əlavə edib. O bu fonda Belarus neft emalı zavodları üçün nefti Rusiyadan deyil, alternativ mənbələrdən alacağını söyləşmişdi.