Türkiyədə baş verən zəlzələdə ölən və xəsarət alanların sayı artıb.
APA-nın yerli bürosunun xəbərinə görə, ölənlərin sayı 20-yə, xəsarət alanların sayı isə 1015 nəfərə çatıb.
***
08:22
Türkiyənin Malatya və Elazığ əyalətlərində baş verən güclü zəlzələ nəticəsində 19 nəfər ölüb, 772 nəfər yaralanıb.
APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə naziri məlumat verib.
****
02:50
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib.
Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 553 nəfər olduğu bildirilib.
Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Malatyada isə dağıntı altında qalan yoxdur.
***
01:42
Türkiyədə 6,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, yaralıların sayının 300 nəfərdən çox olduğu bildirilir.
Qeyd edək ki, Türkiyənin rəsmi mənbələrin açıqlamasında Malatyada 6, Elazığda isə 8 nəfərin öldüyü qeyd edilib.
***
23:16
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var.
APA-nın yerli bürosunun məlumatına görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.
Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.
****
22:42
Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.
APA-nın yerli bürosunun məlumatına görə, iki nəfərin yaralandığı bildirilib. Təkanlar hələ də davam edir.
***
22:20
Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də Şimali İraqın Ərbil və Duhok vilayətlərində də hiss olunub.
Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.
****
22:10
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücünd zəlzələ olub.
APA-nın yerli bürosunun xəbərinə görə, Kandilli Rəsədxanası zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyini bildirib.
Təkanlar ətrafdakı bir çox rayonlarda hiss edilib.
Tələfat barədə hələlik məlumat verilməyib.