ABŞ Rusiyanın təcavüzkar hərəkətlərinə cavab vermək üçün Avropada yaxın və orta mənzilli raketlər yerləşdirməyə hazırlaşır. “Assoşieyted Press” bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən xəbər verib.
Məlumata görə, hazırda administrasiya Rusiyanın orta və yaxın mənzilli nüvə raketlərinə dair müqaviləyə əməl etməməsinə qarşı cavab tədbirlərini müzakirə edir.Bu diskussiyalar Rusiya ərazisindəki hədəflərə zərbə endirmək üçün nüvə silahlarının dislokasiyasının təkmilləşdirilməsinə də aiddir.
“Hərçənd ki, müzakirələrdə birbaşa nüvə silahları haqda danışılmır”- deyə mənbə bildirib.
1987-ci ildə SSRİ ilə ABŞ arasında imzalanmış müqaviləyə əsasən tərəflər orta və yaxın mənzilli raketləri tamamilə ləğv etməli idi. Lakin ötən ildən başlayaraq Rusiya nüvə başlığı daşıya bilən yaxın mənzilli “İsgəndər-M” raket komplekslərini Avropa ilə sərhəddə - Kalininqrad vilayətində yerləşdirib.
ABŞ bunu Rusiyanın 1987-ci il müqaviləsini pozması kimi qiymətləndirib. Rusiya isə ABŞ-ın Avropada raketdən müdafiə sistemi yerləşdirmək planlarını bu müqavilənin pozulması kimi qiymətləndirir.
Agentlik qeyd edir ki, hazırda Obama administrasiyası Rusiyaya qarşı “bir sıra aqressiv cavab addımları” hazırlayır. Bura Rusiyaya preventiv zərbə endirmək üçün Avropada orta və yaxın mənzilli raketlərin yerləşdirilməsi də daxildir.