ABŞ yeni təzyiqlər olacağını açıqladı; Venesuela prezidenti Braziliya və Kolumbiya liderlərinin “dişlərini sındıracağam” dedi
“İmperiatlistlərin və onları dəstəkləyən Braziliya və Kolumbiya rəhbərlərinin “dişlərini sındıracağam”.“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro deyib.
“Mən imperialistlərin planlarını, Kolumbiyanın və Bolsonarunun (Braziliya) planlarını detallı şəkildə bilirəm. Onlar cürət etsələr, "dişlərini qıracağıq" ki, Venesuela xalqına və silahlı qüvvələrinə hörmət etsinlər.
Biz sülh istəyirik və əgər sülh istəyiriksə, onu da qorumağı bacarmalıyıq”, - deyə dövlət başçısı bildirib.
ABŞ müxalif lider və prezident kimi tanıdığı Xuan Quaidoya daha böyük dəstək və Venesuelaya daha çox təzyiq edəcəyi vədini verir.
Vaşinqtonun Venesuela üzrə xüsusi nümayəndəsi Eliot Abrams belə deyib.
“Biz demokratik partiyalar və ölkələrdən Venesuelanın demokratik institutlarına daha böyük dəstək vermələrini xahiş edəcəyik.
ABŞ Venesuela Milli Assambleyası və onun legitim lideri üçün çox şey edəcək. Biz Venesuelanın demokratlarını dəstəkləmək üçün yeni pozitiv tədbirləri öyrənəcəyik”, - deyə o bildirib.
Venesuela prezidenti bildirib ki, 2020-ci ilin 15-16 fevralında bütün silahların, bütün silahlı qüvvələrin iştirakı ilə xüsusi təlimlər keçiriləcək.
Onun sözlərinə görə, böyük şəhərlərin qorunmasına xüsusi diqqət yetiriləcək
2019-cu ilin dekabrında Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopez müxalifət nümayəndələrinin ölkənin cənubundakı hərbi hissəyə hücumu xəbərini, hücum zamanı bir əsgərin öldüyünü açıqlayıb.
Səlahiyyətlilərə görə, təcavüzkarlar oğurlanmış silahlarla Braziliya ərazisinə qaçıblar.
Daha öncə, Braziliya Xarici İşlər Nazirliyindən qanuni dövlət başçısı kimi tanımadıqları Maduro nümayəndələrinin sorğusuna əhəmiyyət verilməcəyini bildiriblər.
Venesuelada vəziyyət getdikcə ağırlaşır. 2019-cu ildə inflyasiya 7374,4% təşkil edib. Məlumatı Venesuela parlamentinin Maliyyə Komitəsi yayıb.
2019-cu il ərzində ən böyük inflyasiya 191,6% olub ki, bu da yanvarda qeydə alınıb. Venesueladakı proseslərin körüklənməsində ABŞ ittiham olunur.
Buna qarşı isə Venesuelada minimum əməkhaqqı 50% artırılıb. Ölkəniun Ticarət Nazirliyindən verilən xəbərə görə, ölkədə minimum maaş 300 min bolivardan 450 min bolivara yüksəldilib.
Reallaşan artımdan təqaüdçülərin də faydalanacağı qeyd edilib. Yeni minimum maaş rəsmi məzənnə ilə təxminən 6,5 ABŞ dollarına bərabər gəlir.
Ölkəyə edilən iqtisadi sanksiyalar inflyasiyaya səbəb olub, neft ucuzlaşıb, milli pul dəyərini itirib, işsizlik və böhran yaşanır, bahalaşma var.
Venesuela iqtisadiyyatının ixrac gəlirlərinin 95 faizini neft təşkil edir. Lakin Maduronun Qərbin enerji şirkətlərini Venesueladan çıxarması ABŞ-la düşmənçiliyin üstünə sanki benzin tökdü.
Maduro Qərb şirkətlərini ölkədən çıxarmasaydı, bəlkə də bu hadisələr yaşanmazdı. Bildirək ki, hazırkı prezident keçmiş dövlət başçısı Uqo Çavesin davamçısıdır.
ABŞ illərdir ki, Venesuelada çavizmə və ümumən Latın Amerikasında sol hakimiyyətlərə son qoymaq istəyir.
Venesuelada hələ ki alınmasa da, Boliviya Evo Morales tez təslim oldu. Buna səbəb ordunun prezidentə sədaqətsizliyi idi.