Düşmənlərimizin “soyqırım” sevinci uzun çəkmədi
ABŞ prezidenti Donald Tramp Senatın qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməyə veto hüququndan istifadə edib. Bu barədə dünən ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus məlumat yayıb. Onun sözlərinə görə, Prezident Administrasiyasından bildirilib ki, Senatda qəbul edilən qərar hüquqi xarakter daşımadığından qəbul edilməyib.Qeyd edək ki, bu məlumatı yaymazdan bir gün öncə Morqan Ortaqus açıqlamasında bildirmişdi ki, ABŞ Administrasiyasının “erməni soyqırımı”nın tanınmasına dair mövqeyi dəyişməyib: “ABŞ Konqresinin hər iki palatasının qətnamə qəbul etməsinə baxmayaraq, ABŞ Administrasiyasının erməni soyqırımının tanınmasına dair mövqeyi dəyişməyib. Bizim baxışlarımız ABŞ prezidentinin bu ilin aprelində 2015-ci il hadisələri ilə bağlı səsləndirdiyi yekun bəyanatda əksini tapıb”.
ABŞ prezidenti Donald Tramp bu ilin aprelində 1915-ci il hadisələrinin ildönümü münasibətilə ənənəvi çıxışı zamanı “erməni soyqırımı” ifadəsini işlətməyib, həmin hadisələri “böyük fəlakət” adlandırıb.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının ardınca Senat bu il dekabrın 12-də qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul edib.
Dövlət Departamentinin sözçüsünün iki gün öncə verdiyi açıqlama prezident Trampın Senatın qətnaməsini qəbul etməyəcəyinin anonsu idi və anons reallaşdı.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ABŞ prezidentinin qətnaməyə veto qoyması düzgün, ədalətli, müdrik addımdır. Trampın bu addımı ermənilərin sevincinin ömrünü qısa etmiş oldu: “ABŞ prezidentinin qətnaməyə veto tətbiq etdiyi xəbəri yayılıb. Hər halda, Konqresin iki qanadından üçdə ikisinin səsverməsi ilə qanun layihəsi yenidən Trampa göndərilə bilər. Bundan öncə ABŞ prezidenti olmuş Barak Obama da seçki kampaniyası ərzində 1915-ci il hadisələrini ”soyqırım" kimi tanıyacağını desə də, prezident olduğu dövrdə bunu etmədi. Tramp da belə edəcək.
ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın həmin bədnam qətnaməsi təsdiqləmədikdən sonra yəqin ki, arxivin küncünə atılacaq. Belə olacağını bir müddət öncə sizing qəzetə açıqlamamızda proqnoz etmişdik. ABŞ-da bir sıra qüvvələr Türkiyəyə qarşı açıq təzyiq yolu tutublar. Təzyiq mexanizmlərindən biri də qondarma “soyqırım” məsələsini qaldırmaq idi. Amerika da, Trampın özü də yaxşı bilir ki, 1915-ci ildə soyqırım hadisəsi olmayıb, 1,5 milyon nəfər erməni öldürülməyib. Türkiyə az öncə 1914-cü ildə əhalinin siyahıya alınmasının nəticələrini elan etdi. Belə məlum oldu ki, Şərqi Anadoluda cəmi 300 min erməni yaşayıb. Həmin ermənilər də vətəndaşı olduğu Osmanlı dövlətinə xəyanət etdikləri və rus ordusuna qoşularaq Osmanlı dövlətinə qarşı vuruşduqlarına görə onları yaşadıqları ərazidən ölkənin cənub vilayətlərinə, Osmanlının tərkibində olan Suriya, Livan və İraq ərazilərinə köçürüblər. Köçürülmə prosesi dövründə bir neçə on min erməni yolboyu üzləşdikləri malyariya və digər xəstəliklərdən ölüb. Osmanlı ordusunun gülləsi ilə bir nəfər də olsun erməni ölməyib. Bunu sübuta yetirən tarixi faktlar var. Bu mənada tarixə qiymət vermək tarixçilərin işi olmalıdır. Erməni soyqırımını isbat eləyəcək bir dənə də olsun yazılı sənəd, dəlil yoxdur. Soyqırımlar o zaman təsdiq olunur ki, onunla bağlı məhkəmə hökm çıxarmış olsun. “Erməni soyqırımı” ilə bağlı bir dənə də olsun məhkəmə hökmü olmayıb. Ermənilərin köçürülmə zamanı xəstəlikdən ölümü hadisəsinə soyqırım demək tamamilə absurddur. Görünür, Tramp da həm bunları, həm də ABŞ-ın dövlət maraqlarını nəzərə alaraq Türkiyəyə qarşı saxta “soyqırım” iddialarını təsdiq etmədi. Türkiyə ABŞ üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən dövlətdir. Heç bir ağlı başında olan ABŞ lideri bu amili tamamilə kənara atmaz". (musavat.com)