Ekspert: “Qərbin bir çox böyük ittifaqlarına daxil olmuşuq, amma münaqişənin ədalətli həllinə heç bir köməkləri olmayıb”
Azərbaycan Demokrat Partiyasının İdarə Heyəti bəyanat yayıb. Bəyanatda deyilir ki, son vaxtlar Dağlıq Qarabağın azad edilməsi müqabilində Rusiyanın əsas tələbləri ilə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına daxil olma) razılaşmaq barədə bir sıra rəsmilərin, partiya sədrlərinin, “beşinci kolon” nümayəndələrin səsləndirdiyi açıqlamalar Azərbaycanın suverenliyinə, istiqlalına qəsddir və xalqımızı yenidən Rusiyanın ağuşuna sürükləməyə hesablanıb. Partiya bu cür bəyanatları qətiyyətlə pisləməyə, bu tip bəyanatlara həssaslıq göstərməyə, ruspərəst qüvvələri yerində oturtmağa çağırıb.Məsələyə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da münasibət bildirib. “Yeni Müsavat”a açıqlamasında Akif Nağı qeyd etdi ki, Azərbaycan cəmiyyətində Rusiya ilə bağlı mənfi rəy geniş yayılıb. Bununla belə, QAT sədri hesab edir ki, Rusiyanın hansısa ittifaqına üzv olmaq çıxış yolu deyil: “Nəzəri baxımdan həmin ittifaqlara konkret şərtlər daxilində üzv olmaq olar. Rusiya regionda güc amilidir və yaxın vaxtlarda bu amilin ortadan qalxacağına ümid etmək yersizdir. Qərb dövlətləri birmənalı şəkildə Ermənistanın tərəfindədir. Ona görə də Qərbdən xeyrimizə nə isə gözləməyə dəyməz. Biz Qərbin bir çox böyük ittifaqlarına daxil olmuşuq, amma bu illər ərzində Qarabağ məsələsinin ədalətli həllinə onların heç bir köməyi olmayıb. Ona görə də müxtəlif qütblər arasında manevr etməyi bacarmalıyıq. Türkiyəni görürsünüz, Qərblə də, Rusiya ilə də öz maraqlarına uyğun oynamağı bacarır. Bu nümunədən biz də istifadə etməliyik.
Təsəvvür edirsinizmi, Türkiyədə deyirlər ki, Rusiya düşməndir, onunla yaxınlaşmaq olmaz. Məlum tezisi bir daha təkrar edirəm ki, dövlətlərin daimi düşmənləri olmur, daimi maraqları olur. Biz də bu sınaqdan çıxmış tezisdən yararlanmağı bacarmalıyıq. Rusiyaya düşmən deyib arxa çevirməklə onların düşmən Ermənistanla daha da yaxınlaşmasına şərait yaratmaq olar. Bunu ermənilər başa düşürlər. Bizim də anlamağımız gərəkdir".
Deputat Qüdrət Həsənquliyev isə moderator.az-a bildirib ki, Rusiya bizim üçün strateji əhəmiyyət kəsb edən ölkədir. Qarabağın azadlığı üçün ən azı Rusiyanın tərəfsizliyini təmin etməliyik. Bunun yolu Rusiya ilə səmimi və açıq dialoqdan keçir: “Biz Rusiya ilə münasibətləri qurarkən həm də onu nəzərə almalıyıq ki, orada iki milyondan çox azərbaycanlı yaşayır və onların Azərbaycana, yaxınlarına göndərdiyi vəsait əhalinin böyük bir hissəsinin sosial vəziyyətinin pisləşməməsində əhəmiyyətli rol oynayır. Mən həmişə söyləmişəm ki, Qarabağın azadlığı üçün müharibə variantı riskli olduğundan və böyük dağıntılara səbəb ola biləcəyindən biz problemin sülh yolu ilə həllinə nail olmaq istəyiriksə Rusiya ilə anlaşmalıyıq. Qərbdən Ermənistanın təbii müttəfiqi olması, təbii müttəfiqlərimizdən isə Rusiya nüvə silahına malik olduğundan ondan çəkindikləri səbəbindən kömək gözləməyimiz özümüzü aldatmaqdan başqa bir şey deyil. Qarabağın azadlığı naminə biz Ermənistana deyil, Rusiyaya güzəştə gedib, suverenliyimizə ziyan vurmadan onun Cənubi Qafqazda maraqlarını təmin edə, Rusiyaya Ermənistandan daha yaxın olmaq üçün Rusiya-Belarus İttifaqına, KTMT -yə daxil ola bilərik. Nəzərə almalıyıq ki, dövlətlərin əbədi müttəfiqləri yox, əbədi maraqları olur. Ermənistan istəsə də Rusiyanın orbitindən kənara çıxa bilməz.
Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər Rusiya yanlış olaraq münaqişənin saxlanması siyasətindən imtina etməzsə, iqtidar bu barədə xalqımızla açıq danışmalı, torpaqlarımızın azadlığı üçün Böyük Vətən müharibəsinə başlamalıdır".
“Yeni Müsavat”