Ermənistanın baş naziri Nikol Paşinyan Venetsiyadakı erməni icmasının nümayəndələri ilə söhbətində ölkədəki akademik çevrələri qəzəbləndirən cümlələr sərf edib.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, elm adamlarının iş-güclərinin otaqlarda qəhvə içməkdən ibarət olduğunu söyləyib: “Ölkədə elmi fəaliyyət fasadında “Milli araşdırmalar institutu” yazılan binaya daxil olub, orada günortaya qədər qəhvə içdikdən sonra evə qayıtmaqdan ibarətdir. İndi bu adamların rahat həyatdan uzaqlaşdırmaq cəhdləri əlbəttə ki, problemlər yaradacaq. Lakin biz bunu edəcəyik”.Ermənistan hökuməti ali təhsil haqqında yeni qalmaqallı qanunla akademik elmi idarələrin də ləğv olunması üzərində çalışır.
Paşinyanın sözləri, habelə iqtidarın addımları Elmlər akademiyası sistemində çalışanların təpkisiylə qarşılanıb.
Fizika araşdırmaları institutunun əməkdaşı Hrayr Azizbekyan hökumətin bu yöndəki siyasətini populizm adlandırıb və daha çox bir neçə adamın iradəsinə uyğun, əsaslandırılmamış qərar aldığını qeyd edib. Onun sözlərinə görə, hökumət elm sahəsini daha güclü olduğu universitetlər vasitəsilə ələ keçirməyə çalışır.
Hrayr Azizbekyan Ermənistanda elmi inkişaf strategiyasının olmadığını, bu istiqamətdə maliyyələşmənin bərbad hala gətirildiyini, bütün bunların ölkədə elmin özünün mövcudluğunu təhdid etdiyini vurğulayıb. Erməni ekspert gənc intellektual nəslin uzunmüddətli layihələrin olmaması ucbatından ölkədən qaçdığını sözlərinə əlavə edib.
“Paşinyanın alimlərin ancaq qəhvə içdiyini deməsinə gəlincə, bildirmək lazımdır ki, Ermənistanda elm sahəsi ona sadiq olanların çiyinləri üzərində qalıb”, - deyə Hrayr Azizbekyan sonda bildirib.