NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen Danimarkanın baş naziri olduğu vaxt verdiyi qərara görə ifadəyə çağrılıb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, Danimarkanın yeni hökuməti tərəfindən 2012-ci ildə yaradılmış İraq-Əfqanıstan Araşdırma Komissiyası Rasmussenlə yanaşı, sabiq xarici işlər naziri Per Stiq Möllerin, Xarici İşlər Nazirliyinin müşaviri Friis Arne Petersenin və digər yüksək vəzifə tutmuş məmurların da istintaqa cəlb edilməsinə qərar verib.
Araşdırma komissiyasının qarşısına qoyulan məqsəd Danimarkanın Əfqanıstan və İraq müharibələrinə necə cəlb edilməsini üzə çıxarmaqdır. Adları çəkilən şəxslər noyabr ayından etibarən dindiriləcək.Qeyd edək ki, Danimarkanın İraq müharibəsinə qoşulması bu ölkədə böyük müzakirələrə səbəb olmuşdu. Həmin vaxt Rasmussen Səddam Hüseynin nüvə silahına sahib olduğunu demişdi və ölkəsinin bu müharibəyə qoşulmasına çalışmışdı.