Fransa prezidenti “quldurlar” dedi, Ukrayna və Bolqarıstan rəhbərlikləri qəzəbləndi

Fransa prezidenti “quldurlar” dedi, Ukrayna və Bolqarıstan rəhbərlikləri qəzəbləndi backend

Fransa prezidenti Emmanuel Makronun ölkənin “Valeurs Actuelles” jurnalına verdiyi müsahibədəki “Bolqar və Ukrayna mafiya şəbəkələrindənsə, afrikalı qaçqınların gəlməsinə üstünlük verərdim” sözləri hər iki ölkədə böyük qalmaqal yaradıb.

Xatırladaq ki, dünən bununla bağlı Fransanın Ukraynadakı səfiri Etyen de Ponsyen Xarici işlər nazirliyinə çağırılıb və ondan öz prezidentinin sözlərinə aydınlıq gətirməsi tələb olunub.

Emmanuel Makronun Avropa Birliyi üzvü olan Bolqarıstana da yönəlik eyni ifadəni aid etməsi rəsmi Sofiya tərəfindən qəzəblə qarşılanıb.

Məsələ ilə əlaqədar Bolqarıstan Xarici işlər nazirliyi Fransadakı səfir Angel Çolakov vasitəsilə etiraz notası göndərib. Bundan başqa, Fransanın Bolqarıstandakı səfiri Florans Roben də Xarici işlər nazirliyinə çağırılıb.

Bolqarıstan baş nazirinin müavini və müdafiə naziri Krasimir Karakaçanov sosial media hesabı vasitəsilə Fransa prezidentinin sözlərini “siyasi ədəbazlıq” kimi dəyərləndirərək, bunun ölkəsi üçün təhqiramiz və aşağılayıcı olduğunu bildirib.

“Bu, bir prezidentə yaraşmayan hərəkətdir. Emmanuel Makron özünün uğursuzluqlarını ört-basdır etmək üçün bizlərə böhtan atır və bolqar xalqını “oğru və quldurbaşı” olaraq, qələmə verir. Fransa prezidentinin Afrikada ucuz işçi tapmaq istəyib-istəməməsi onu maraqlandırır. Amma bu, ona ukraynalıları və bolqarları təhqir etmək hüququ vermir”, - deyə Bolqarıstan rəsmisi yazıb.