Nazarbayev Qazaxıstandakı iki hakimiyyətliliyə nə zaman son qoyacaq?

Nazarbayev Qazaxıstandakı iki hakimiyyətliliyə nə zaman son qoyacaq? backend

Əhəd Məmmədli: “Birdən-birə hakimiyyəti təhvil verməsi riskli addım olardı”

Bu ilin martından etibarən Qazaxıstanda iki hakimiyyətlilik yaranıb. Belə ki, prezidentlik postunu 2020-ci ildəki seçkilərə qədər Kasım-Comərt Tokayevə təhvil verən Nursultan Nazarbayev ölkə idarəçiliyindən tam olaraq geri çəkilmədi. Qızı Dariqa Nazarbayevanın Qazaxıstan parlamentinin yuxarı palatasının spikeri seçilməsi əslində o vaxtdan vəziyyətin bu cür olacağına işarə idi.

Bundan əlavə, Nazarbayev Təhlükəsizlik Şurasının sədri və iqtidar partiyasının lideri də olaraq qalır. Bu da bir çox mətləblərdən xəbər verir. Ekspertlər hesab edirlər ki, sabiq prezidentin idarəçiliyi tam şəkildə təhvil verməməsinin arxasında onun varis planını həyata keçirmək istəyi dayanır. Böyük ehtimalla varis olacaqsa, indiki halda bu Tokayevdir. Amma Nazarbayevin qızı da gözdən çıxarılmır.

Politoloq Əhəd Məmmədli dolayısı elə sabiq prezidentə haqq qazandırdı: “Nazarbayev müstəqil, müasir Qazaxıstanın memarıdır. Bu birmənalı şəkildə belədir. Qazaxıstan şimalda Rusiya, cənubda Çinlə sərhədi olan bir türk ölkəsidir. Nazarbayev illərdir rəhbəri olduğu Qazaxıstanın bu cür qonşuları əhatəsində ərazi bütövlüyü suverenliyini qorumağa müvəffəq olan böyük dövlət adamıdır. İllərdir xalqının lideri olan bir şəxsin birdən-birə hakimiyyəti təhvil verməsi riskli addım olardı. Nəzərə alsaq ki, qardaş Qazaxıstan hansı bölgədə yerləşib, Nazarbayev birdən-birə gedə bilməzdi. Gedişini mərhələli başlatdırdı. Hesab edirəm ki, indiki situasiyada verilən ən düzgün qərar idi. Unutmayaq ki, Mərkəzi Asiyada yerləşən, ərazi baxımından ən böyük türk dövləti olan Qazaxıstan çox çətin bir bölgədə yerləşir. Nazarbayevi Ərdoğan türk dünyasının ağsaqqalı adlandırdı. O həm də öz ölkəsinin liderindən əlavə ağsaqqalıdır. İllərdir dövlətinin ən başında duran adam birdən-birə nə çəkilməməlidir, nə də onu çəkmək olmaz.

Əks halda bu Qazaxıstan üçün kataklizmlərlə müşayiət oluna bilər. Rusiya ilə Çin məqam gözləyirlər ki, türk Qazaxıstandan ərazi qopartsınlar. Nazarbayev Qazaxstan üçün, bəlkə də türk dünyası üçün belə “dərin dövlət”dir. Ərdoğanla Putinin barışdırılmasında da, Nazarbayev əvəzsiz rolu oynayıb. Bir demokratiya ki, dövlətinin ərazi bütövlüyünün itirilməsi bahasına başa gələcəksə, elə demokratiya lazım deyil. Ukraynanı demokratiyanın hansı hallara saldığını gördük. Postsovet məkanı üçün bir Ukrayna, bir də Qazaxıstan nümunəsi var. Ukraynanın nə qədər zərərli, ziyanlı bir sonuca gəlib çıxdığını gördük. Mən demirəm, Qazaxıstan nümunəsi ən xeyirlidir. Sadəcə müqayisədə real siyasi şərtləri görəndə baxırıq ki, Zelenski, Poraşenko, Yuşenkolar birlikdə bir Nazarbayevə dəyməzlər. Nazarbayevin siyasi varlığı Qazaxıstan dövlətçiliyi, suverenliyi, ərazi bütövlüyünün təminatçısıdır. Qərbdən gələn boş-boş məsləhətlərə, vədlərə inananda Ukrayna, Gürcüstanın vəziyyətinə gəlib düşürsən. Nazarbayevin müdrikliyi isə, Qazaxıstanı həmin vəziyyətə düşməsinə imkan vermədi.

Səhv ya doğru, Nazarbayev indiyə qədər nə edibsə, güclü Qazaxıstan üçün edib. Şəxsən məndə buna şübhə yoxdur. Düzdür, onun atdığı bəzi qərarları məndə dəstəkləməmişəm, qınamışam, indi də qınayıram. Məsələn, SSRİ-dən pay qalan atom bombasından imtinanı Nazarbayevin böyük, hətta bağışlanılmaz səhvi adlandırıram. Və yaxud hələ SSRİ ilə Çin arasından qalan həmsərhəd mübahisəli strateji ərazinin Qazaxıstanın müstəqilliyini bərpa edəndən sonra, Çinə verməsi Nazarbayevin növbəti səhvi idi. Amma ümumilikdə baxanda Nazarbayevin xeyri səhvlərindən daha çox olub və ən böyük xeyri Qazaxıstanın ərazi bütövlüyünün qorunması olub. Ərazi bütövlüyünün qorunmasının nə qədər çətin olduğunu Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümunəsində görürük”.

Politoloq Nazarbayevin varis planından da danışdı: “Heç şübhəsiz Nazarbayev özünə varis hazırlayır. Bu varis ailəsindən kimsə və yaxud başqa adam olacaq bunu proseslərin gedişatında daha aydın görə biləcəyik. Bilirsiniz ki, indiki məqamda Nazarbayev Qazaxıstan, Ərdoğan Türkiyə, Putin Rusiya üçün əvəzolunmaz liderlərdir. Xoşumuza gəlsə də, gəlməsə də belə bu bir reallıqdır. Siyasətdə şirin yalanı acı reallıqdan üstün tutanda Ukraynanın halına salınırsan. Ona görə də, həm də varis planı deyilən bir siyasi ənənə var. Varis seçimində uğurlu olacaqsansa, deməli sələfinə layiq lider kimi tarixə düşəcəksən. Əks halda ən başa gətirilsən belə tarixə mənfi obraz kimi düşəcəksən. Müsbət və ya mənfi varis nümunələri tarixdə çox var. Qazaxıstan üçün bu proses ağrılı ya ağrısız keçəcək. Fikrimcə, bu həmçinin Nazarbayevin səhhəti ilə bağlı məsələdir. Yəni Nazarbayev uzun ömür yaşasa dövlət idarəetmə iplərini sona qədər əlində saxlayacaq ki, yerinə qoyduğu varisini dövlət idarəçiliyində düzgün istiqamətləndirsin. Ümid edək ki, postNazarbayev dövrünü dost ölkə Qazaxıstan ağrısız keçirəcək. Nazarbayev yox olsa təbii ki, Qazaxıstan yox olmayacaq, lakin necə olacaq, güclü və ya zəif? Bax məsələ bundadır. Ümid edək ki, qardaş, türk Qazaxıstan Nazarbayevin yoxluğunda da daha güclü, qüdrətli, inkişaf etmiş olacaq. O, müasir türk dünyasının iriçaplı dövlət adamları, ağsaqqallarındandır”.

Musavat.com