Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Suriyada təhlükəsizlik zonasının qurulması üzrə əməliyyatların başlayacağını istisna etməyib.
Anadolu Agentliyi xəbər verir ki, Ərdoğan bu bəyanatı Ankarada çıxışı zamanı səsləndirib.“Suriyada təhlükəsizlik zonasının yaradılması suriyalıların vətənlərinə qaytarılması üçün ən rasional vasitədir. Biz müstəqil hərəkət etmək qərarına gəlmişik və ola bilsin bu gün, ola bilsin sabah bu əməliyyatı həm yerdən, həm də havadan aparacağıq”, - deyə o bildirib. O, həmçinin Türkiyə Silahlı Qüvvələrinin Suriyada əməliyyat keçirməyə hazır olduğunu bir daha vurğulayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə prezidenti indiyədək lazımi nəticə əldə olunmadığı və gözləməyə vaxt qalmadığı üçün Ankaranın Suriyada Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması məsələsində müstəqil fəaliyyət göstərmək niyyətində olduğunu demişdi. Ərdoğan onu da bildirmişdi ki, Türkiyə dövləti eni 30 km olacaq təhlükəsizlik zolağında 2 milyon nəfər Suriya qaçqınını yerləşdirmək niyyətindədir.
Türkiyə prezidenti demişdi: “Qaçqın yükünü Türkiyənin çiyninə yıxmaqla, Türkiyəni diz üstə çökdürmək istəyirlər. Lakin biz onların ssenarilərinin həyata keçəcəyi ölkə deyilik”.
Ərdoğanın son günlər ard-arda verdiyi bu açıqlamalar gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Görünən odur ki, iki ay öncə Türkiyə-ABŞ arasında Suriya məsələsində əldə olunan razılaşma həyata keçmir. Məhz bu səbəbdən də qardaş ölkənin rəhbəri bu açıqlamaları verir.
Politoloq Əhəd Məmmədli Ərdoğanın bu açıqlamalarında ciddi mesajların olduğunu düşünür: “Türkiyə rəhbəri bu açıqlamalarla demək istəyir ki, siz istəsəniz də, istəməsəniz də, Fərat çayının şərqinə girəcəm. O ki qaldı Suriya ilə bağlı Türkiyə-ABŞ arasındakı razılaşmaya, gözlənildiyi kimi amerikalılar bu razılaşmaya əməl etmədilər. Görünən odur ki, Ankara tək başına təhlükəsizlik problemini həll etməkdə israrlıdır. Amerikanın maraqlarına gəldikdə isə, bu ölkə uzunömürlü olmasa da razılaşmalarını yerinə yetirir. Göründüyü kimi, Türkiyənin təhlükəsizlik problemi ABŞ-ın maraqlarına cavab vermədiyi üçün Ankaraya kömək etmək istəmir. Fəratın şərqində hərbi əməliyyat üçün məqamdır. Türk hərbi qüvvələri sərhəddə cəmləşir, Azad Suriya Ordusu da hazır vəziyyətdə Ankaradan tapşırıq gözləyir. Ərdoğan qaçqın məsələsində haqlıdır. Türkiyəyə bu məsələdə nə Avropa, nə də Amerika kömək etmədi. Suriyadan qaçqın axını Türkiyəyə gəlir. Bu qədər qaçqın axını özü də Türkiyəyə bir təhlükədir. Ölkə daxilində haqlı və haqsız narazılıq yaranır. Ankaranın qaçqın problemləri nə Brüsseli, nə də Vaşinqtonu maraqlandırır. Ortada bəhanə deyil, zərurət var. Türkiyə xoş günündən hərbi əməliyyat keçirmir, buna məcburdur ona görə bunu edir. Ortada bir terror təşkilatı tərəfindən Türkiyə ərazi bütövlüyünə təhlükə var və bu təhlükə aradan qaldırılmalıdır. Ərdoğan bu təhlükənin aradan qaldırılması ilə məşğuldur. Necə olur ki, terror təhlükəsini bəhanə edib, ABŞ özündən min kilometrlərlə aralıda olan İraq və Əfqanıstanı işğal edir, amma Türkiyə yanında olan Suriyadan gələn terror təhlükəsinə müdaxilə edə bilmir? Bu amerikalıların, avropalıların marağına uyğun gəlmir. Əvvəllər də demişəm, Türkiyə 20-30 ilin Türkiyəsi deyil ki, kimdənsə icazə alsın”.
Politoloq Ərdoğanın dediyinə əməl edəcəyinə əmindir: “Artıq Türkiyə o Türkiyədir ki, deyibsə girəcəm, girəcək. Bu gərginlik ABŞ, Avropa, Əsəd Suriyasının bəyanat formasında etirazından o yana getməyəcək. Afrin əməliyyatı zamanı da danışdılar, dağılışdılar. İndi də elə olacağı düşüncəsindəyəm. Tərəflər Suriyada üz-üzə gələn deyil. Heç kəs PKK-ya görə bir-biri ilə vuruşan deyil. Ateist-kommunist terror təşkilatı PKK-PYD-YPQ istifadə edilən material kimi yenə qurban veriləcək. Amerika PKK-ya görə Türkiyə ilə döyüşməyəcək. Amerika ilə bu məsələdə razılığa gəlinsə də, gəlinməsə də, Türkiyə onsuzda sərhəd boyunca tampon bölgəsini yaratmalıdır. Hər bir hərbi əməliyyat özündə risk daşıyır. Böyük və güclü dövlət də bu risklərin öhdəsindən gəlməyi bacarmalıdır”.
“Yeni Müsavat”