CNN telekanalı Donald Trampın reklam çarxını yayımlamaqdan imtina etdi

CNN telekanalı Donald Trampın reklam çarxını yayımlamaqdan imtina etdi backend

ABŞ-ın CNN telekanalının rəhbərliyi prezident Donald Trampın seçkiqabağı reklam çarxını yaymaqdan imtina edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Söhbət 30 saniyə çəkən bir videosüjetdən gedir. Həmin materialda ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin 2016-cı ildə Ukrayna hakimiyyətindən baş prokuror Viktor Şokini işdən çıxarılmasını tələb etməsindən bəhs olur. Reklam çarxından belə bəlli olur ki, sonuncunu günahı Co Baydenin oğlu Hanter Baydenin rəhbərlik etdiyi “Burisma” neft-qaz holdinqinin fəaliyyətini yoxlamaq imiş.

“Co Bayden baş prokurorun qovulması halında Ukraynaya 1 milyard dollar vəd edib. Lakin prezident Tramp Ukraynadan korrupsiya işi ilə bağlı təhqiqat aparmasını tələb etdikdə demokratlar ona qarşı impiçment proseduru başladıblar. Onların mediadakı nökərləri isə həmin qüvvələrə tabedilər”,- deyə diktor süjetin gedişində bu cümlələrlə ictimaiyyətə müraciət edir.
Özü də son fraqmentlərdə CNN-in 3 jurnalisti və MSNBC kanalının bir qadın əməkdaşı iri planda göstərilir.

CNN telekanalının nümayəndələri reklam materialının onların redaksiya standartlarına uyğun gəlmədiyni bildirirlər. Bundan başqa kanal rəhbərliyi həmin çarxda CNN-in və onun jurnalistlərinin fəaliyyətinin heç bir əsas olmadan neqativ formada təsvir edildiyini vurğulayıblar.

Donald Trampın seçki qərargahı isə CNN-i hər vəchlə və məqsədyönlü şəkildə Co Baydeni ittihamlardan qorumağa çalışmaqda günahlandırıb.

“The New York Times” iri televiziya kanalının reklam çarxının yaymaqdan boyun qaçırmasının qeyri-adi hal sayıldığını, lakin gözlənilməz olmadığını yazıb.

Musavat.com