Fransanın Biarritz şəhərində keçirilən G-7 sammitinin ən yaddaqalan hadisəsi İran xarici işlər nazirinin sammitə qatılması olub. İran XİN rəhbəri rəsmi tədbirə qatılmasa da, sammitdə iştirak edən bəzi dövlət rəsmiləri ilə görüşüb.
Ancaq əlbəttə ki, iranlı nazirin Fransaya 3 saatlıq qəfil səfərinin ciddi məqsədləri olub.Sonradan məlum olub ki, Zərifi Fransa prezidenti Emmanuel Makron dəvət edib. Təbii ki, bu səfər zamanı ən çox diqqət amerikalılarda olub. Çünki hazırda ABŞ və İran arasında gərgin münasibətlər mövcuddur. Hətta may və iyun aylarında iki ölkə müharibənin astanasına gəlib. Maraqlıdır ki, amerikalılar Zərifin Sammitə qatılması ilə bağlı hər hansı məlumatlarının olmadığını bi8ldiriblər. Hətta ABŞ nümayəndə heyətinin üzvü müxbirlərə bildirib ki, Tramp Zərifin sammitdə görünməsindən heyrətlənib.
Lakin sammitə ev sahibliyi edən Fransa tərəfi digər G-7 ölkələrini, o cümlədən ABŞ hakimiyyətinin Zərifin səfəri ilə bağlı əvvəlcədən məlumatlandırdığını bəyan edib. Ancaq Ağ Ev bu iddiaları qəbul etmir, Zərifin səfəri ilə bağlı xəbərdar edilmədiklərini israr edir.
Cavad Zərif isə Biarritz şəhərində sammit keçirilən yerdə 3 saatdan bir qədər artıq olub və bir sıra nazirlər, dövlət və hökumət başçıları ilə görüşüb. İran XİN rəhbəri “Twetter”də Fransa prezidenti ilə məhsuldar görüş keçirdiyini yazıb.
Sitat: “Qarşımızdakı yol çətindir, amma sınamağa dəyər”.
C.Zərif Almaniya və Beritaniya baş nazirləri Merkel və Consonu da səfəri ilə bağlı məlumatlandırdığını qeyd edib.
Təbii ki, Zərifin G-7 sammitində qəfil peyda olmasının əsas səbəbi nüvə sazişi və onun qorunması yollarının tapılmasıdır. Bilindiyi kimi, 2018-ci ilin mayında ABŞ-ın birtərəfli qaydada 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxması sazişi şübhə altına alıb. Çünki Vaşinqton sazişdən çıxdıqdan sonra İrana embarqo tətbiq edib və Tehranın neft satışını demək olar ki, məhdudlaşdırıb. İran isə anlaşmaya sadiq qalan digər 5 ölkə, xüsusən də 3 Avropa ölkəsi – Almaniya, Fransa və Böyük Britaniyanın – sazişi qorumağa çağırıb. Bunun üçünsə Avropa ölkələri İranın neft satışına qoyulan məhdudiyyəti qaldırmalıdır. Lakin ABŞ-ın sərt sanksiyaları qarşısında hazırda əksər Avropa şirkətləri İranla anlaşmaları dayandırıb. Tehran isə bəyan edib ki, Avropa ölkələri müqaviləni qorumaq üçün neft sanksiyalarını götürməlidir. Çünki əks təqdirdə Tehran nüvə fəaliyyətlərini yenidən bərpa edəcəyini bəyan edib. Artıq Tehran 2015-ci il anlaşmasının bri sıra maddələrindən çıxdığını bəyane dib.
Fransa prezidenti Emmanuel Makron deyib ki, G-7 üzvləri İranla münaqişədən yayınmağa çalışırlar. Onun sözlərinə görə, ABŞ prezidenti özü də bunu “tamamilə aydın şəkildə” ifadə edib. Onun sözlərinə görə, bütün "G7" ölkələri İrana dair birgə mövqe ilə bağlı razılığa gəliblər. Lakin Makron bu razılığın nədən ibarət olduğunu açıqlamayıb.
O da məlum olub ki, Zərif səfəri zamanı ABŞ nümayəndə heyəti üzvləri, o cümlədən prezident Trampla görüşməyib. Ancaq onun əvəzinə qeyd olunan 3 Avropa ölkəsi ABŞ prezidentini Zərifin sammitə gəlib danışıqlar aparması üçün təzyiq ediblər. Tramp isə Zərifin səfəri ilə razılaşıb.
İran tərəfinin isə müqavilə ilə bağlı şərti çox sadə olub. Cavad Zərif İrana qarşı neft embarqosunun ləğv olunması və ilkin mərhələdə 700 min, sonrakı mərhələdə isə 1,5 milyon barel gündəlik neft satışı və nağd ödəniş şərti irəli sürüb.
Hələlik bu şərtə qarşı tərəfin hansı reaksiyanı verdiyi məlum deyil, ancaq Makronun açıqlamasından belə məlum olur ki, Avropa ölkələri hansısa formada anlaşma əldə ediblər. Ancaq müəyyən səbəblərdən bu razılaşmanı açıqlamaq mümkün olmur. Cavad Zərifin Sammitə dəvət olunması və Makronun İranla razılaşma barədə açıqlaması İran ətrafında böhranın xeyli zəiflədiyini və həll mərhələsinə qədəm qoyduğunu deməyə əsas verir. Real nəticəni isə yalnız yaxın günlərdə, neft satışının bərpası ilə görmək mümkün olacaq.
Bu qəfil səfər və danışıqlar onu göstərir ki, Avropa İranla əlaqələrini davam etdirməkdə maraqlıdır. Bunun üçün lazım gələndə Vaşinqtona da təzyiq edə bilir.
“Yeni Müsavat”