QAZİLER.AZ BBC-yə istinadla bildirir ki, Sakit okeanı günəş batareyaları ilə işləyən təyyarədə keçmək üçün rekord cəhdi uğursuzluqla nəticələnib. Pis hava şəraiti “Solar İmpulse” adlı təyyarəni enmək üçün Yaponiyaya qayıtmağa məcbur edib.
Çindən Havay adalarınadək uçmalı olan təyyarə 36 saat havada olub.İndi texniklər qrupu buludların dağılması və havanın yaxşılaşması üçün Yaponiyada gözləməli olacaq.
Uçuşun gedişini Monakodakı nəzarət mərkəzindən müşahidə edən Bertrand Piccard deyib ki, “biz macəraaxtaran yox, tədqiqatçlarıq və odur ki, təhlükəsizlik bizim üçün ümdə məsələdir”.
“Hamı təyyarədən razıdır, di gəl, hava yaxşı deyil, – deyib Piccard, - Biz Naqoyada enib, sonra uçuşu davam etdirəcəyik”.
Bu, yalnız günəş enerjisindən istifadə edərək dünyanı dövrələmək üçün edilən cəhddə artıq 7-ci fasilədir.
17 min günəş hüceyrəsi ilə örtülmüş eksperimental təyyarə mart ayında Abu Dabidən havaya qalxmışdı.
Lakin Sakit okeanın keçilməsinin təyyarə üçün ciddi sınaq olacağı əvvəlcədən gözlənilirdi.
Komanda Nankində artıq bir ay daha yaxşı hava üçün gözləməli olmuşdu.
Təyyarənin normal üçüşü üçün səmt küləyindən başqa həm də göylərin gün ərzində buludsuz olması zəruridir. Belə olduqda təyyarə bütün gün ərzində günəş enerjisini toplaya bilir.
Qrupun meteoroloqları ötən şənbə gününü uçuş üçün münasib saymışdılar və təyyarə Qrinviç vaxtı ilə saat 18:39-da havaya qalxmışdı.
Təyyarəni tək sürən isveçrəli pilot Andre Borschberg əvvəlcə uçuşa çox yaxşı başlamışdı, lakin bazar ertəsi səhər hava proqnozu kəskin pişləşdikdən sonra komanda uçuşu dayandırmağı qərar aldı.
Pilot Yapon dənizi üzərində dövrə vurub Havay istiqamətində uça bilmək üçüm sinoptiklərin məlumatını gözləməli idi.
Sonunda komanda riskə getməməyi qərara alıb. Çünki okean üzərində problem yaransaydı pilotun dənizə enməkdən başqa çıxış yolu qalmayacaqdı.
Odur ki, təyyarə hazırda yaxşı havanı gözləmək üçün Naqoyaya uçur.
Qrup Sakit və Atlantik okeanları üzərindən uçuşu qasırğa mövsümünün başlanacağı avqust ayınadək başa vurmağa çalışır.