Türkiyə milli müdafiə naziri Hulusi Akarla ABŞ müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Mark Esper arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, söhbət zamanı əsas müzakirə mövzusu Türkiyənin Rusiyadan aldığı “S-400” zenit raket kompleksləri olub.Danışıq zamanı Akar, Türkiyənin hava və raket təhdidi altında olduğunu, bu baxımdan “S-400” zenit raket komplekslərinin alınmasının seçim yox, məcburiyyət olduğunu vurğulayıb. O qeyd edib ki, Patriot təklifi məsələsində isə müzakirələr davam edir.
Türkiyə mili müdafiə naziri bildirib ki, “F-35” qırıcıları ilə bağlı layihənin icrasında dəyişiklik olmamalıdır. Bundan başqa Akar qeyd edib ki, “S-400” alışı ölkənin strateji mövqeyində dəyişiklik kimi qəbul edilməməlidir. Nazir vurğulayıb ki, iki ölkə arasında əlaqələrin pozulması nə Türkiyənin, nə ABŞ-ın, nə də NATO-nun mənafelərinə xidmət etməyəcək.
Danışıq zamanı bu məsələ ilə bağlı iki ölkə arasında dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.