Qazaxıstanın paytaxtı Nur-Sultanda və Almatıda hökumət əleyhinə çıxışlar olub

Qazaxıstanın paytaxtı Nur-Sultanda və Almatıda hökumət əleyhinə çıxışlar olub backend

Onlarla etirazçı polis tərəfindən saxlanılıb

Qazaxıstanın paytaxtı Nur-Sultan və ölkənin iqtisadi mərkəzi sayılan Almatı şəhərində polis hökumət əleyhinə etirazlarda iştirak edənləri həbs edib.

Etirazçılar aksiya üçün Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ad gününü seçiblər.

“Reuters” agentliyinin və “Azattık” radiosunun (Azadıq radiosunun Qazaxıstan bürosu) xəbərinə görə, polis zorakılıq tətbiq edərək mitinqin keçirilməsinə imkan verməyib.

“Holanews.kz” saytı isə hər iki şəhərdə saxlanılan yüzlərlə vətəndaşın olduğunu bildirir. Maskalı xüsusi təyinatlılar hətta jurnalistlərə belə aman verməyərək onların kameralarını sındırıblar.

Aksiya əsasən Almatıda stadion yaxınlığına və Nur-Sultan şəhərinin mərkəzi Respublika prospektində keçirilib. Əsas təşkilatçı rolunda keçmiş bankir və sahibkar Muxtar Ablyazovun ölkədə fəaliyyəti qadağan olunan “Qazaxıstanın azad seçimi” təşkilatı çıxış edib. İştirakçılar əllərindəki plakatlarla “Rədd ol qoca”, “Qazaxıstan ayıl” deyə şüarlar səsləndiriblər.

Qazaxıstan polisi bəzi şəxslərdən tüstü şaşkaları və zədə yetirən alətlərin aşkar olunaraq müsadirə edildiyini bildirib.

Qeyd olunur ki, Qazaxıstanda hökumət əleyhinə çıxışlar iyun ayından bu yana, yeni dövlət başçısı Qasım-Jomart Tokayevin seçilməsindən sonra başlayıb.

Musavat.com