Ankaranın hədəfinə çatmasına az qaldı - S-400-lər “yol üstə”dir

Ankaranın hədəfinə çatmasına az qaldı - S-400-lər “yol üstə”dir backend

Tofiq Zülfüqarov: “Trampın bəyanatından sonra artıq ABŞ-ın mövqeyi dəyişmək üzrədir”

“Hər ölkənin öz hava məkanına nəzarət etməsi və oradan gələn təhdidlərin qarşısını alması dövlətin üzərinə düşən əsas vəzifələrdən biridir. Bu, təhlükəsizlik məsələsidir”. Bunu “Habertürk” televiziyasına müsahibəsində Türkiyənin keçmiş Baş Qərargah rəisi İlkər Başbuğ deyib.

“776 min kvadrat kilometr ərazimiz var. Sahil zonasında olan hava məkanı sizin hökmranlıq olduğunuz sahələrdir. Buradan ölkəyə hansı təhdidlər gələ bilər? Bunlar PUA-lar, təyyarələr, raketlər ola bilər. Əgər hava məkanınıza nəzarət edə bilmirsizsə, bu təhdidlərə qarşı tədbir görəcək qabiliyyətiniz yoxdursa, demək, təhlükəsizliyiniz də yoxdur. Türkiyənin hazırda yaxın və orta mənzilli havadan müdafiə sistemləri var, amma uzun mənzilli hava hücumundan müdafiə sistemlərimiz yoxdur”, - deyə o bildirib. Başbuğ Türkiyənin hava hücumundan müdafiə sistemlərini almaq məsələsində çox gec qaldığını deyib. Türk generalın fikrincə, Türkiyənin Rusiyadan aldığı S-400-lər “Patriot”lardan çox üstün imkanlara sahibdir.

Başbuğ ABŞ-ın F-35-lərdən böyük pullar əldə etdiyini və bunun üçün də onu əlindən çıxarmaq istəmədiyini söyləyib.

İ.Başbuğun sözlərinə görə, hazırda ABŞ üçün əsas problem F-35-in məlumatlarının S-400-ə yüklənməsidir: “F-35 ABŞ üçün çox böyük layihədir. İndi Türkiyə S-400-ləri Rusiyadan almaq qərarı qəbul edib. Tezliklə, S-400-lər Türkiyəyə gələcək. Əgər Türkiyə bundan imtina etsə, o zaman dövlətin etibarı çökəcək. Bir türk olaraq biz də bunu qəbul edə bilmərik. Bunun əksini düşünmək olmaz. Məsələyə ABŞ-ın gözüylə baxaq. Amerika düşünür ki, bizə F-35-lər versələr, onun elektronik bilgiləri S-400-ə yüklənəcək. Bu isə F-35-lərin radarlarda həqiqətən görünməz olub-olmamasını sınaqdan çıxarmaq deməkdir. Mənim fikrimcə, ABŞ bunu qəbul edə bilməz. Söhbət 1,5 trilyonluq layihədən gedir. Məncə, layihədə problem var. Əgər bunu ən yaxşı sistem test edərsə, layihə tam ölər. Əgər bu sistemləri Türkiyənin cənubuna yerləşdirsəniz, Şərqi Aralıq, Suriya, Kipr üzərindəki hava məkanını qapadırsınız və orada heç kimin uçmağına izn vermirsiniz. Bu sizə böyük güc verir. Amerikalılar indi deyirlər ki, S-400-lər Türkiyəyə gəlsin, amma aktiv edilməsin. Bəs biz bunu aktiv etsək, bunu müəyyən edə bilərlərmi? Peykdən müəyyən edə bilərlər”.

Türk ordusunun başında dayanan nüfuzlu generalın S-400 sistemlərinə önəm verməsi diqqət çəkir. Türkiyə prezidenti amerikalı həmkarı ilə Yaponiyadakı G-20 sammiti çərçivəsində baş tutan görüşündən sonra da çox arxayın danışmışdı və bu mövzunun qapandığını demişdi. Belə aydın olur ki, S-400-lər artıq “yol üstə”dir və Türkiyədə yerləşdirilməsi şübhə doğurmur.

“ABŞ və Avropadakı müttəfiqləri inanmırdılar ki, Türkiyə mövqeyində bu qədər qətiyyət göstərəcək”.

Bu fikirləri Yenicag-az-a açıqlamasında Türkiyənin Rusiya ilə bağladığı müqavilə çərçivəsində S-400 hava hücumundan müdafiə sistemlərinin yaxın günlərdə qardaş ölkəyə gətiriləcəyi haqda xəbəri şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Hərbi ekspert Türkiyənin Rusiyadan S-400 raket komplekslərini alması səbəblərinə toxunaraq bildirib ki, bu məsələ ABŞ-ın hava hücumundan müdafiə sistemlərini Türkiyəyə müəyyən şərtlər daxilində vermək qərarından sonra aktuallaşdı: “Nəticədə Türkiyə Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına təşəbbüs göstərdi və bu istiqamətdə aparılan ikitərəfli danışıqlar müsbət nəticələndi. Bildiyiniz kimi, artıq bu sistemlər Türkiyəyə gətirilmək ərəfəsindədir. Lakin bunu da nəzərə almaq lazımdır ki, S-400lərin alınması hərbi əhəmiyyət daşıdığı qədər də, siyasi önəm kəsb edən məsələdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu addımı atmaqla dünyaya, ilk növbədə də ABŞ-a göstərdi ki, ölkəsi müstəqil dövlətdir, onunla başqa dildə danışmaq olmaz. Türkiyə özünün müəyyənləşdirdiyi kurs üzrə siyasət yürüdür və qərarlarını yalnız öz iradəsi əsasında qəbul edir. Əgər Türkiyənin maraqlarına təhdid vəziyyəti yaranarsa, qardaş ölkə öz mənafelərini müdafiə etmək üçün tələb olunan bütün tədbirləri həyata keçirməyə qadirdir. Bu mənada S-400-lərin alınması vacib qərar idi”. Polkovnikin sözlərinə görə, S-400 raket kompleklərinin əldə olunması Türkiyənin hava hücumundan müdafiə sistemini xeyli gücləndirəcək.

Ramaldanov əlavə edib ki, Türkiyə S-400 raket komplekslərindən sonra Rusiyanın yeni nəsil hərbi təyyarələrinə də ciddi maraq göstərməkdədir: “Əgər ABŞ yeni nəsil hərbi təyyarələrini Türkiyəyə yenə də müəyyən şərtlər əsasında vermək qərarını dəyişməsə, Ankara həmin təyyarələri Rusiyadan almağa cəhd göstərəcək. Burada söhbət Rusiya istehsalı olan ən müasir SU-57 təyyarələrindən gedir. SU-57-lər ABŞ-ın yeni nəsil hərbi təyyarələrindən heç də geri qalmır".

Belə görünür ki, Ankaranın hədəfinə çatmasına az qaldı. Yəni S-400-lər “yol üstə”dir və az sonra qardaş ölkədə olacaq.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da “Yeni Müsavat”a dedi ki, Trampın bəyanatından sonra artıq ABŞ-ın mövqeyi dəyişmək üzrədir: “Tramp dedi ki, biz vaxtilə Türkiyəyə qarşı ədalətli addım atmamışıq. Bunu deməklə onu nəzərdə tutub ki, Obama administrasiyasının vaxtında Ankara ”Patriot" sistemlərini almaq üçün müraciət edib, lakin buna nail olmayıb. Sonrakı dönəmlərdə Niderlandın qərarı ilə Türkiyə ərazisində yerləşdirilmiş NATO-ya məxsus olan bu sistemlər Türkiyədən çıxarılıb. İndi də Türkiyə istəyir ki, toxunulmazlığını təmin etmək məqsədilə S-400-ləri əldə etsin". Sabiq nazir Yunanıstanın 10 ildən çoxdur S-300-lərdən istifadə etdiyini də xatırlatdı: “Hətta belə bir məlumat var idi ki, bu sistemlərin bir hissəsi Kiprdə yerləşir. Orada da hava qüvvələri Qərb sistemləri ilə təchiz olunur. Deməli, S-400-lərlə bağlı da heç bir problem olmamalıdır”. Ekspert qeyd etdi ki, əgər bu sahədə problem olarsa, artıq texniki olacaq, yəni siyasi problemlərə artıq Yaponiyadakı görüşdə son qoyulduğunu demək olar.

Bu arada Rusiyada S-500 “Prometey” yeni hava hücumundan müdafiə və raket hücumundan müdafiə sistemlərinin istehsalına başlayıblar. (Trend) Bunu “Rostex”in baş birektoru Sergey Çemezov deyib. S.Çemezov bildirib: “Bu gün bizdə S-500 hazırlanmağa başlayır. Bu, daha müasir kompleksdir (S-400-dən-red.), mən onun haqqında danışmaq istəməzdim”.

“Yeni Müsavat”