Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu 28 May 2015 tarixində Dəkkə şəhərində Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusun rəhbərlik etdiyi, Beynəlxalq Yunus Mərkəzinin düzənlədiyi Beynəlxalq Sosial Biznes tədbirinə qatılıb.
Bu barədə BAMF informasiya departamentindən QAZİLER.AZ saytına məlumat veriblər.Tədbirdə sosial biznesin inkişaf perspektivləri, davamlı inkişafın təmin edilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatlarının potensialının artırılması, aztəminatlı insanların ailə gəlirlərinin artırılması yolları, dövlət-vətəndaş cəmiyyəti və icma əsaslı qrupların qarşılıqlı əməkdaşlığının uğur modelləri müzakirə olunub. Tədbiri “Biz iş axtaranlar deyilik, iş yaradanlarıq” devizi ilə açan Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus iş yerinin yaradıldığı yerdə ilk öncə sosial şəraitin yaradılmasına əmin olmağı əhəmiyyətli hesab etdiyini bildirib. Daha sonra 3 sıfır nəzəriyyəsi haqda danışan M.Yunus “ 0- yoxsulluq, 0-işsizlik, 0- zərərli istehsal” tezisini bəşəriyyətin davamlı inkişafı üçün nəzəri aspekt hesab etdiyini vurğulayıb. Bunun üçün gənclərin, texnologiyanın, sosial biznesin və doğru idarəçiliyin vacibliyindən danışan Məhəmməd Yunus insanların sürətlə artdığı dünyamızda qlobal problemlərin qarşısının alınması üçün sosial biznesin paralel inkişafını xüsusi qeyd edib.
Tədbirdə Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunusla görüşən BAMF-ın sədri Umud Rəhimoğlu Azərbaycanda sosial biznesin inkişafı istiqamətdə yeni innovativ proqramların tətbiq edilməsi, bu istiqamətdə BAMF-ın peşə təlimləri, icma inkişafı və mikromaliyyə modelinin digər ölkələrdə tətbiqinin uğurlu perspektivlərini qeyd edib. Bununla yanaşı bu istiqamətdə Azərbaycan Respublikasının prezidentinin yerli sahibkarlara çağırışının əhəmiyyətini vurğulayan Umud Rəhimoğlu sosial biznesin, sosial missiyanın nailiyyətlər əldə etməsində hökumət, azad sahibkarlıq və vətəndaş cəmiyyəti təşkilatlarının rolunun əhəmiyyətindən danışıb.
Görüşdə videomüraciətlə çıxış edən BMT Baş katibinin siyasi əlaqələr və agentliklər arası münasibətlər üzrə müşaviri Tomas Gass inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri gələcək inkişafın qurulmasında, davamlı inkişaf prioritetlərinin gücləndirilməsi üçün sosial biznesə xüsusi önəm verməyə çağırıb. “İqlimin 2 dərəcə dəyişməsi ilə tamamilə dəyişən dünyamızda səylərimizi birləşdirməklə iqtisadi imkanları, insan haqlarını, yaşıl iqtisadiyyatı, sosial həyatı qorumalıyıq” deyən T.Gass bu istiqamətdə dövlət və vətəndaş cəmiyyətinin əməkdaşlığının prioritet olduğunu bildirib.
Daha sonra tədbir iştirakçılarına video çağırış edən ABŞ-ın keçmiş prezidenti Bil Klinton nəcib və xeyirxah əməllərə görə M.Yunusa təşəkkür edərək, yoxsulluğun aradan qaldırılması istiqamətində hər bir fərdin əlindən gələni etməsini vurğulayıb. Bundan sonra çıxış edən məhşur aktrisa Şeron Stoun yaxşıya dəyişən hər şey üçün insanları birliyə və sülhə çağıraraq, bunun üçün risk etməkdən çəkinməməyə səsləyib. Amerikanın Beker Kollecinin rəhbəri Robert Conson dünyanın yeni inkişafında təhsilin, sosial fəaliyyətin və yaradıcı işlərin əhəmiyyətli olduğunu bildirərək artıq dünyanın aparıcı universitetləri və kolleclərinin 90 fakültəsində sosial biznes və davamlı inkişaf istiqamətində araşdırmaların aparıldığını qeyd edib.
Çıxış edən Malayziyanın baş nazirinin köməkçisi Tan Şri Şarifa Hafsah dəyişən dünyamızda mənfəətin deyil, davamlı inkişafa nail olmağın prioritetlərindən danışıb. Tədbir panel yığıncaqlarla davam etdirilib. Sosial İnkişaf panelində çıxış edən Yunus Mərkəzinin həmtəsisçisi Saskia Bruyşteyn və Almaniya Gramen yaradıcılıq mərkəzinin təsisçisi Hans Reitz “3 P tezisi” (profit, product, planet) ilə çıxış ediblər.
Daha sonra Mikromaliyyə və sosial biznes panelində çıxış edən U.Rəhimoğlu mikromaliyyənin dünyaya göz açdığı ölkədə olduğundan məmnunluğunu bildirib və mikromaliyyə təşkilatlarının fəaliyyətinin davamlı innovativ proseslərlə zənginləşdirilməsinin əhəmiyyətini, maliyyə imkanlarının artırılmasının, borclanmanın aradan qaldırılması üçün sosial biznesin inkişaf etdirilməsinin, təlim və peşə vərdişlərinin artırılmasının əhəmiyyətindən danışıb. Tədbir zamanı Sosial biznesin inkişafı istiqamətində Azərbaycan modeli diqqətlə qarşılanıb.
Tədbirdə 27 ölkədən 500 nəfərdən yuxarı insan müxtəlif panellər üzrə müzakirələrə qoşulub.
6-cı Beynəlxalq Sosial Biznes Günü müxtəlif institutların, elmi-tədqiqat mərkəzlərinin, icmaların sosial biznes sərgisi ilə davam etdirilib.