Rusiya Dövlət Dumasının deputatı, parlamentin Vətəndaş cəmiyyətinin inkişafı komitəsinin rəhbəri, Gürcüstanda baş verən son parlament böhranının əsas baiskarı kimi göstərilən Sergey Qavrilov situasiyanı “Kommersant” qəzetinə izah edib.
S.Qavrilovun sözlərinə görə, onun Gürcüstan parlamentində sədrin kreslosunda oturması, Pravoslav parlamentlərarası assambleyanın protokoluna uyğun şəkildə həyata keçirilib.Qeyd olunur ki, məhz rusiyalı deputatın spikerin yerinə əyləşməsi Tiflisdə çoxminli etiraz aksiyasını alovlandırıb. İyunun 20-də parlament binasına girməyə cəhd edən nümayişçilərin qarşısı polis tərəfindən sərt şəkildə alınıb, nəticədə 240 adam müxtəlif dərəcələrdə xəsarət alıb.
“Burada hansı anlaşmazlıqdan söhbət gedə bilər. Məni oturmağa öz ölkəsinə çağıran dövlətin nümayəndəsi dəvət etdi. Protokola əsasən bu fəxri kürsü məhz Baş Assambleyanın iclasına sədrlik edənə verilir”, - deyə Dövlət Dumasının deputatı bildirib.
S.Qavrilov qaydalara görə, yalnız Pravoslav parlamentlərarası assambleyanın prezidentinin, yəni özünün sədarətdə əyləşə bildiyini qeyd edib. O, bundan öncə Yunanıstan və Livan parlamentlərində də təşkil olunan bənzər tədbirlərdə eyni yerdə oturduğunu, lakin heç bir problem çıxmadığını deyib.
Bundan başqa rusiyalı deputat qaldıqları otelin çıxışında nümayəndə heyətinə bir qrup adamın hücum etdiyini söyləyib.
“Nümayəndələri öldürməklə hədələyirdilər. Bunu parlamentin tribunasında səsləndirməkdən belə, çəkinmədilər”, - deyə Sergey Qavrilov situasiyanı təsvir edib.
Musavat.com