Poroşenko-Zelenski çarpışması son mərhələdə: Sənət və para rəqabəti...

Poroşenko-Zelenski çarpışması son mərhələdə: Sənət və para rəqabəti... backend

Ötən gün Ukraynada növbəti demokratiya şöləni baş tutdu.

21 aprel prezident seçkisində yarışacaq 2 namizəd – indiki prezident Petro Poroşenko və seçkinin birinci turunda ən çox səs toplayan Vladimir Zelenski Kiyevin “Olimpiyski” stadionunda xalq qarşısından debata çıxdılar.

Rəqiblərin qarşılıqlı iddialarını, sabahkı sonucları bir kənara qoyub rahatlıqla demək olar ki, bu söz yarışması Ukraynada demokratiyanın təntənəsi idi. Namizədlərin yüksək siyasi mədəniyyət göstərisi, açıq mətnlərlə polemika, heç bir halda şəxsiyyətə yönəlməyən tənqid ölkədəki siyasi rəqabət, azad seçim imkanlarının çox yüksək səviyyədə olduğunu bütün dünyaya göstərdi. Ukraynalılar Poroşenko iqtidarına ən azı buna görə minnətdar olmalıdırlar.

Zelenski:“Mən siyasətçi deyiləm, sizin səhvlərinizin nəticəsiyəm”.

Poroşenko:“Siz ali baş komandan ola biləcəksinizmi?”

Debatı izləyərkən ağlımda “ilişib qalan” bu iki cümlə siyasi rəqiblərin dilindən ölkənin keçmişinin analizi, gələcəyi üçün ciddi bir əndişə sayıla bilər.

Zelenski haqlıdır. Poroşenkonun prezidentiliyi dönəmində Ukrayna problemlərinin çoxunu çözə bilməyib. Qrivna zəifləməkdə davam edib, işsizlik artıb, gənclər ucuz işçi qüvvəsi kimi Polşaya, Çexiyaya... köçüb. Krımın işğalı, Donetskə, Luqanska nəzarətin itirilməsi ölkənin ən ciddi problemi olaraq qalıb. İqtisadi zəifləmə yaşayış səviyyəsini endirib, korrupsiya və rüşvətə yol açıb. Belə bir ölkənin prezidentinin tənqid etmək müxalif düşərgəni təmsil edən rəqibin haqqıdır.



Amma Poroşenko da haqlıdır. Siyasətçi olmadığını etiraf edən, sənət mühitində formalaşan, üstəlik 4 qat fərarı (Zelinskinin 4 dəfə əsgərlikdən qaçması faktı rəqib düşərgənin ona qarşı kampaniyasının əsas elementlərindən idi) Zelinskini generalitet Ali Baş Komandan kimi qəbul edəcəkmi?

Poroşenko II Maydanın sonlarında siyasi səhnəyə gələndə onun siyasətçi imici ümumiyyətlə yox idi. “ROSHEN” şokolad markasının və müstəqil telekanallarından birinin sahibini hər kəs zəngin iş adamı kimi tanıyırdı. Ötən gün Poroşenko xalqın qarşısına yüksək natiqlik istedadı olan təcrübəli siyasətçi kimi çıxmışdı. Elə buna görə də rəqibini bir neçə həmlə ilə nakauta salmağı bacardı. Ukraynalılar iqtidarı rifahlarını yüksəltmək üçün dəyişmək istəyirlər. Poroşenko siyasi ustalıqla Zelinskini məcbur etdi ki, heç bir iqtisadi platformasının olmadığını etiraf etsin.



O, yaxşı tənqidçidir. Aktyor bacarıqları, pafoslu nitqi Zelenskiyə vətəndaşın yaşadığı çətinlikləri obrazlı ifadə etmək imkanı verir. Prezident seçilsə, imkanları Ukraynada yalnız iç demokratiyanı bir qədər də irəlilətməyə yetər. Amma Ukrayanada həyatı çətinləşdirən bu deyil ki... İnsan haqları yüksək səviyyədə qorunur, seçki azad, media azad, vətəndaş cəmiyyəti ayaqda, monopoliya yox... Siyasi rəqabət mühiti prezidentin stadionda debata gələcəyi, 80 faizi prezidentə qarşı kampaniya aparan mediaya bir faktla belə basqı göstərilməyəsək qədər sərbəst...

Gerçəkdən də Ukraynadan heç zaman əskik olmayan oliqarxların körüklədiyi siyasi intriqaları idarə etmək, beynəlxalq düzəndən baş çıxarmaq, Krımı işğal edib ölkənin doğusunu separatçı qüvvələrin dəstəyi ilə nəzarətdə saxlayan Rusiyanın davamlı təhdidlərinin, təxribatlarının qarşısını almaq yükünü qaldırmaq həyatında aktyorluqdan başqa heç bir işlə məşğul olmayan komediya ustasının gücündə deyil. Ölkəyə rəhbərlik etmək 3 gün dalbadal anşlaqla keçəcək konsert düzənləməklə müqayisəyə gəlməz.

Bütün bunlara baxmayaraq sabah Zelenskinin prezident seçilmək şansı yüksəkdir. Əgər seçilsə, onu hakimiyyətinin ilk aylarında hazırlıqsız yaxalanacağı çox ciddi problemlər gözləyir. İlk “sürpriz” Moskvadan gəlir. Aprelin 18-də Rusiya baş naziri Dmitri Medvedyev Ukraynaya neft və neft məhsulları satışını qadağan edən sərəncam imzalayıb. Bu o deməkdir ki, Ukraynada ən qısa zamanda benzin 2 dəfəyə qədər bahalaşacaq. Xəzər, o sıradan Azərbaycan nefti dövriyyəyə girə bilər, amma daşınma xərcləri Rusiyadan alınan neftdən çox baha olacaq. İqtisadiyyatın benzin üzərindən yürüdüyünü nəzərə alsaq, yaxın gələcəkdə Ukraynada ciddi bahalaşma olacağı şəksizdir.

Separatçıların Rusiyanın dəstəyi ilə ölkənin əsas sənaye bölgəsini nəzarətdə saxlaması Ukraynanın daxili imkanlar hesabına bu durumdan çıxa bilməyəcəyini göstərir. Ümid qalır beynəlxalq birliyin dəstəyinə. ABŞ, Qərbin maliyyə institutları Ukraynanı yalnız buraxmaz. Ancaq bunun üçün ölkənin maraqlarını həmin danışıqlarda çox yaxşı müdafiə edən, paranın idarəedilməsini anlayan lider gərəkdir. Ukraynalıların bu obrazda uğurlu biznesmenə, yoxsa, uğurlu komedistə yaraşdıracağı sabah bəlli olacaq.

Seçkinin nəticələrinə təsir edəcək daha 2, amma çox önəmli məqam haqqında qısaca...

Heç kimə sirr deyil ki, Ukraynada hər dəfə olduğu kimi, budəfəki seçki savaşını da oliqarxlar aparır. Zelenski sərvəti regional iqtisadiyyata təsir edən və məhkəmə çəkişmələrinə görə xaricdə yaşayan İqor Kolomoyskinin maskasıdır. Poroşenko prezidentliklə yanaşı böyük biznes imperiyasını idarə etsə də, tək deyil, bir neçə oliqarx onu Kolomoyskiyə qarşı savaşda dəstəkləyir. Kolomoyski bir müddətdir “Privatbank”ın özəlləşdirilməsinin qanunsuz elan edilməsi üçün məhkəməyə müraciət edib. Bu məsələ onun biznes imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Bir neçə gün öncə Ukrayna İqtisad Məhkəməsi onun iddiasının qəbul edilməsi haqqında qərar çıxarıb. İkinci turun astanasında belə bir məhkəmə qərarı Poroşenkonun Zelenskinin arxasından çəkilməsi üçün Kolomoyski ilə anlaşması kimi də qəbul oluna bilər.



Seçkiyə təsir edəcək ikinci faktor Qərbdir. Zelenski kimi zəif siyasi fiqurun iqtidara gəlməsi Ukraynanın çöküşü, Rusiyanın ölkənin var olan və yeni yaranacaq zəif nöqtələrini açıq verilənə qədər zərbə altında saxlayacağı ehtimalını yüksəldir. Krımın itirilməsi bahasına da olsa, Ukraynanı Kremlin caynağından alan Qərb buna icazə verəcəkmi? Sabah biləcəyik...

Musavat.com təsəvvürləri genişləndirmək üçün bu möhtəşəm debatın video görüntülərini də təqdim edir.