Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov ABŞ-ın təzyiqlərinə baxmayaraq, Türkiyənin “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı ortaya qoyduğu birmənalı mövqeyi yüksək qiymətləndirib.
D. Peskov Rusiya və Türkiyənin belə dövlətlər sırasında yer aldığını bildirib: “Təzyiqlərə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yetərincə qətiyyətli və güzəştsiz mövqeyini yüksək qiymətləndiririk. Məhz belə yanaşma azad və suveren dialoq aparılmasına imkan verir”.
Qeyd edək ki, aprelin 10-da R. T. Ərdoğan “S-400”-lərin iyula qədər Türkiyəyə təhvil verilə biləcəyini bəyan edib. Türkiyə prezidenti başqa ölkənin bu məsələyə müdaxilə etmək haqqının olmadığını vurğulayıb.
Xatırladaq ki, “S-400”-lərin alınması ilə bağlı Moskva və Ankara arasında danışıqlar 2016-cı ildə başlayıb. 2017-ci ildə Rusiya tərəflərin müqavilə bağladığını təsdiqləyib. Həmin vaxt R. T. Ərdoğan artıq avansın ödənildiyini bildirib.