Türkiyə bələdiyyə seçkilərində səslərin 99,01% sayılıb və qalib Ədalət və İnkişaf Partiyası (AKP) elan olunub.
ONA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan AKP partiyası qərargahının balkonundan öz tərəfdarlarına müraciət edib.Ərdoğan çıxışında AKP-MHP ittifaqının bələdiyyə seçkilərində qalib gəldiyini bildirib. Lakin Türkiyə liderinin çıxışında özünütənqid ifadələri də yer alıb. Belə ki, o, seçkilərdə AKP-nin uduzduğu yerlərdə təbliğat işinin düzgün aparalmadığını dilə gətirib.
AKP-nin ən böyük məğlubiyyəti paytaxt Ankarada baş tutub. Burada ilkin nəticələrə görə, qələbəni müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Mansur Yavaş qazanıb.
İstanbulda da AKP üzvü, sabiq baş nazir Binəli Yıldrımın qələbəsi sual altındadır: onunla CHP-çi Əkrəm İmamoğlu arasında səs fərqi 0.5%-ə qədərdir və burada sona qədər mübarizə olacağı gözlənilir.
Türkiyənin üçüncü ən böyük şəhəri İzmirdə də qələbəni CHP təmsilçisi Mustafa Tunç Soher qazanıb.
Ümumiyyətlə, CHP tərəfdarları daha çox dəniz kənarı bölgələrdə səs çoxluğu əldə ediblər. AKP-MHP ittifaqi isə Orta Anadolu və digər daxili bölgələrdə zəfər çalıblar.
Seçkinin tam nəticələri bir neçə gündən sonra açıqlanacaq.