18 Mart “Çanaqqala Zəfəri”nin 104-cü ildönümü Türkiyənin 15 məşhur sənətçisi tərəfindən "Hey Onbeşli" ağısı ilə yad edilib
Qaziler.az bildirir ki, “Çanaqqala Zəfəri”nin 104-cü ilində Tokatlı kino prodüseri Erol Koçanın da qatıldığı 15 məşhur sənətçi, zəfərlə bağlı çəkilən klipdə ‘Hey Onbeşli’ ağısını səsləndiriblər.
"Hey Onbeşli" nəğməsi Türkiyənin Tokat bölgəsində Çanaqqala döyüşündə cəbhədə həyatını itirən uşaqlar üçün deyilən ağıdır.
Çanaqqala savaşında şəhid olan kiçik qəhrəmanlar üçün söylənilən bu ağı bu günümüzə qədər türk xalq musiqisi olaraq səsləndirilməkdədir.
I Dünya Müharibəsinə cəlb edilən Osmanlı İmperatorluğunun cəbhə xəttində döyüşə biləcək kifayət qədər hərbi qüvvəsi tükənir. Çanaqqala döyüşü əsnasında Almaniya, Avstriya-Macarıstan və İtaliyanın daxil olduğu "Üçlər ittifaqı"nın 1915-ci ilin aprelindən etibarən döyüşə başlamalarına rəğmən cəbhədə döyüşəcək daha çox möhkəmlətmə qüvvələrə ehtiyac olduğuna görə Sultan V Mehmet Rəşad 27 may 1915-ci ildə litsey tələbələrinin də cəbhəyə çağırılması haqda əmr imzalamaq məcburiyyətində qalmışdı.
Litsey tələbələri isə 15-19 yaşlı yeniyetmə və gənclərdən ibarət idi. "Hey Onbeşli" türküsü də döyüşə göndərilərək həlak olmuş bu uşaqlara həsr olunmuş ağı idi və bu türkü bu günümüzə qədər gəlib çatmışdır. Türküdə Tokatda cəbhəyə göndərilən 15 yaşlı uşaq əsgərlərdən danışılır.
Qaziler.az videonu təqdim edir:
Çanaqqala müharibəsi I Dünya Müharibəsi dövründə - 1915-1916-ci illərdə Osmanlı dövləti ilə "Üçlər İttifaqı" - müttəfiq Avropa dövlətləri (İngiltərə, Fransa, Rusiya) arasında aparılan dəniz və quru döyüşüdür.
İttifaq dövlətləri Osmanlının paytaxtı İstanbulu alaraq boğazlara (Bosfor və Dardanel - red.) nəzarəti ələ keçirmək, Rusiya ilə etibarlı əməkdaşlıq və hərbi ticarət yolu açmaq, Almaniyanı zəiflətmək məqsədilə ilk hədəf olaraq, Çanaqqala boğazına keçiblər. Lakin bu hücum uğursuz olub və hər iki tərəf çox ağır itkilər verib. Nəticədə müttəfiq Avropa dövlətləri geri çəkiliblər.
250 min Osmanlı əsgərinin şəhid olması bahasına əldə edilən bu tarixi qələbə Türkiyə Cümhuriyyətinin qurulmasından sonra ölkə Parlamentinin qərarı ilə hər il martın 18-də “Çanaqqala Zəfəri” kimi qeyd edilir.
Xatırladaq ki, Çanaqqala müharibəsində 3 mindən artıq azərbaycanlı əsgər də şəhid olub.