Bu gün səhər İsveçrə polisi və Amerika Federal Təhlükəsizlik Bürosunun həyata keçirdiyi əməliyyat nəticəsində FİFA-nın 10-dan çox yüksəkçinli əməkdaşı həbs olunub.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, həbslər cümə günü FİFA prezidentliyinə keçiriləcək seçki ərəfəsində aparılıb.Tutulan şəxslər 100 milyon dollarlıq korrupsiyada ittiham olunurlar.
Həbs edilənlər arasında FİFA prezidenti Yozef Blatterin olmadığı bildirilir. Bununla belə, tutulanlar arasında FİFA İcraiyyə Komitəsinin bir neçə üzvünün olduğu vurğulanıb.
Həbs olunanlar arasında FİFA-nın İcraiyyə Komitəsinin üzvləri - Kayman adalarından olan Cefri Uebb, uruqvaylı Euxenio Fiqeredonun adları mediaya məlum olub. Həmçinin komitənin trinidad tobaqolu sabiq üzvü Cek Uorner də tutulanlar sırasındadır. Onlar Sürixinin “Baur au Lac” otelində həbs ediliblər. Adları çəkilən şəxslər FİFA-nın Konqresində iştirak etmək üçün bir neçə gündür Sürixdə imişlər. Həbs olunanların hamısı ABŞ-a ekstradisiya olunub
Bildirilir ki, ABŞ-da həmin şəxslərə qarşı son 20 ildə dünya çempionatlarının ev sahibliyi ilə bağlı verilən qərarlarda rüşvət almaq, marketinq müqavilələrində maliyyə yeyintisi, reketlik və çirkli pulların yuyulması ittihamı irəli sürüləcək.