Fələstinin Fələstin və İsrailə, Hindistan yarımadasının Pakistan və Hindistana bölünməsi bir ingilis fitnəsidir.
İngilislər “parçala və hökm sür” siyasətinin mahir ustadlarıdır. Son İslam xilafəti Osmanlının süqutundan sonra protestant-yəhudi alyansı müsəlman coğrafiyasında Fələstin, Kəşmir, Qarabağ, Kürdüstan kimi münaqişə ocaqlarını qurub xalqlara, dövlətlərə istədiyi yönü verir.Axar.az xəbər verir ki, bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Pakistanla Hindistan arasında münaqişə böyüməkdədir:
“Artıq neçə gündür Pakistanla Hindistan arasında Kəşmirdə silahlı toqquşmalar baş verir. Hələlik dünya mediası bu münaqişə haqqında o qədər də məlumat vermək həvəsində deyil. Buna rəğmən Pakistan-Hindistan sərhədindən narahatedici xəbərlər yayılmaqdadır”.
Politoloq qeyd edib ki, Hindistanı əsrlərdir türk-müsəlman imperiyaları idarə edib:
“Dehli sultanlığı, Böyük Moğollar və s. buna misal göstərmək olar. İngilislər Hindistanı cəmi bir əsrdən bir az çox idarə edib. İngilislərə bu vaxt bəs edib ki, bilərəkdən Hindistan yarımadasını iki yerə bölüb kiçik hissəsini müsəlmanlara, böyük hissəsini induslara versin. Bununla da bu regionda yarım əsrdən çox davam edən münaqişəyə zəmin yaratsınlar. Əslində məqsəd kiçik Pakistan qurmaqla, müsəlmanları böyük Hindistan iddiasından məhrum etmək idi. Bu da müsəlmanların mənafeyinə uyğun gəlmirdi. Üstəlik müsəlman çoxluğu olan Kəşmir də induslara verildi. Bundan sonra da Pakistan-Hindistan müharibələri başladı. Bu müharibələrdə Pakistan Kəşmirin yarısını Hindistandan ala bildi, indiyə qədər Kəşmir üstündə qanlı toqquşmalar davam edir. Britaniya bilərəkdən Hindistan yarımadasını iki yerə bölüb, əlavə olaraq da Kəşmirdə münaqişə ocağı yaratdı ki, buradan çıxandan sonra belə regionu daim nəzarətdə saxlasın”.
Politoloq növbəti Pakistan-Hindistan qarşıdurmasının çox davam edəcəyini düşünmür:
“Artıq bu iki ölkə nüvə gücüdür. Onlara elə-belə atom bombası verməyiblər ki, bir-biri ilə müharibə etsin. Vəziyyət sakitləşdiriləcək, amma təbii ki, münaqişə ocağı qalacaq. İngilis-yəhudi elitası hər yerdə olduğu kimi, bu bölgəni də qan tökə-tökə nəzarət altında saxlayır”.
Politoloq vurğulayıb ki, istənilən halda Pakistan-Hindistan qarşudurmasında Azərbaycan həmişə Pakistanın yanında olmalıdır:
“Pakistan, Türkiyə və Rumıniya ilə bərabər, Azərbaycanın müstəqilliyini tanıyan, Türkiyə və Səudiyyə Ərəbistanı ilə bərabər, Qarabağın işğalına görə Ermənistanla hələ də diplomatik münasibət qurmayan 3 ölkədən biridir”.
Qeyd edək ki, Hindistanla Pakistan arasındakı Kəşmir mübahisəli ərazisində tərəflərin toqquşması yaşanır. Pakistan hava məkanını pozan 2 hind, Hindistan isə bir Pakistan qırıcısını vurduğunu açıqlayıb.