TASİM layihəsi Dünya Sammitində təqdim olunub

TASİM layihəsi Dünya Sammitində təqdim olunub backend

İsveçrənin paytaxtı Cenevrə şəhərində “İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti-2015” silsilə tədbirlərinə start verilib. Sammit çərçivəsində Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin Telekom Planlaşdırma və Araşdırma İnstitutunun təşkilatçılığı ilə “Daha yaxşı sosial və iqtisadi inkişafa xidmət edən rabitənin qurulması: nailiyyətlər və niyyətlər” paneli düzənlənib.

Bu paneldə Azərbaycanın “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi dünya ictimaiyyətinə təqdim olunub.

Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, təqdimat zamanı TASİM katibliyinin rəhbəri Zaur Həsənov layihənin mahiyyəti, onun regionun 10 böyük və kiçik ölkələrinə verəcəyi faydadan, “cross boarder PPP” fəlsəfəsinə tam cavab verəcəyini və yaradılacaq yüzlərlə yeni elm tutumlu iş yerlərindən məlumat verib.

Z.Həsənov qeyd edib ki, TASİM layihəsi üzrə Xəzər ətrafı ölkələr və beynəlxalq donorlarla intensiv danışıqlar davam edir. O, layihənin beynəlxalq ictimaiyyətdə müsbət qəbul edilməsinə daha bir sübut kimi TASİM-CAREC-SPECA əməkdaşlıq üçbucağının ciddi dəstəklənməsini nümunə gətirib.

Tədbirdə çıxış edən natiqlər, Çinin İnternet Cəmiyyətinin vitse-prezidenti Şi Xian Sheng, “Çin Telekom”un icraçı direktoru Charli Cao, BMT-nin Asiya və Pasifik üzrə Komissiyasının (UNESCAP) mütəxəssisi Kvanq Donq Kim və sair çıxışçılar TASİM layihəsinin yeni data mərkəzləri, internet mübadilə və bulud mərkəzlərinin yaranmasında, daha etibarlı və tutumlu xəttin qurulmasında, inşa olunmaqda olan Asiya Super İnformasiya Magistralına mühüm töhfə verəcəyini qeyd ediblər. Tədbirin sonunda Z.Həsənov internet üzərindən layihə ilə bağlı xarici ölkələrdən daxil olmuş sualları da cavablandırıb.

Növbəti gün isə görüş ABS-ın “İntel” korporasiyasının vitse-prezidenti Jon Devisli ilə TASİM katibliyinin rəhbəri arasında keçirilib.

Görüşdə Z.Həsənov TASİM layihəsinin reallaşması istiqamətində atılan son addımlar barəsində ətraflı məlumat verib. Daha sonra tərəflər informasiya texnologiyalarının təhsil sisteminə verə biləcək fayda barədə fikir mübadiləsi aparıblar.
Diaspora