Dağıstan Azərbaycanla əmtəə dövriyyəsini artırmaq niyyətindədir

Dağıstan Azərbaycanla əmtəə dövriyyəsini artırmaq niyyətindədir backend

Azərbaycan və Dağıstan gömrük sahəsində daha sıx və məhsuldar əlaqələrə malik ola bilərlər. Trend cümə günü Dağıstan mətbuatına istinadən xəbər verir ki, bunu respublikanın rəhbəri Ramazan Abdulatipov Dağıstan gömrüyünün rəisi Ruslan Yəhyayevlə görüşündə bildirib.

Abdulatipovun sözlərinə görə, respublika bu ölkə ilə həmsərhəd olsa da, xarici ticarət dövriyyəsi hələlik o qədər də yüksək deyil.

Öz növbəsində, Yəhyayev qeyd edib ki, Dağıstan Rusiyada Azərbaycanla quru sərhədlərə malik olan yeganə subyektdir.

O məlumat verib ki, respublikada 7 buraxılış məntəqəsi fəaliyyət göstərir. Bu zaman o, bu günlərdə Məhərrəmkənd rayonunda “Viaduk” gömrük-logistika terminalının işə salındığını xatırladıb və terminalın buraxılış qabiliyyətinin sutkada 300-dən artıq yük avtomobili olduğunu qeyd edib.

Rusiya Şimali Qafqaz Gömrük İdarəsinin məlumatına görə, 2014-cü ilin 3 rübü ərzində Azərbaycanla Dağıstan arasında əmtəə dövriyyəsi 136,84 milyon dollar təşkil edib. Bu məbləğdən Azərbaycandan idxal olunan məhsulların payı 122,12 milyon dollar, Azərbaycana ixracın payı isə 14,7 milyon dollar təşkil edib. 2013-cü ilin analoji dövrü ilə müqayisədə ölkələr arasında əmtəə dövriyyəsi 30,77 faiz artıb.

MDB ölkələri ilə əmtəə dövriyyəsinin ümumi həcmində Azərbaycanın xüsusi çəkisi 86,96 faizdir.

İri və xırda buynuzlu mal-qara, balıq, tərəvəz, plastmas və ondan hazırlanan məmulatlar, ağac və s. məmulatlar Dağıstandan Azərbaycana ixracın əsas məhsullarıdır. Dağıstan əksər hallarda Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal edir.
Diaspora