“Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya girmək planı yoxdur”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib. O, Körfəz ölkələrinin Suriyada quru əməliyyatlarına başlaması məsələsində təkid etdiklərini bildirib:“Türkiyə və Səudiyyə Ərəbistanının Suriyaya girmək planı yoxdur. İki ölkə arasında belə bir razılaşma da imzalanmayıb. Lakin Körfəz ölkələri Suriyada quru əməliyyatlarının başlaması məsələsində təkid edirlər. Çünki onlar ərazidəki həqiqəti daha yaxşı bilirlər. İyunun 2-də Fransada “Suriya xalqının dostları qrupu”nun iclası keçiriləcək. Artıq Bəşər Əsədin getməsi məsələsinə qarşı çıxan ölkələr də fikir dəyişdiriblər. Rusiyanın bu məsələdə yanaşması belədir: “Biz Əsədin pərəstişkarı deyilik. Lakin Əsədin getməsindən sonra hakimiyyətə kim gələcək?”
İranın da bu məsələdə məzhəb qayğıları var. Türkiyə isə bu ölkələrin narahatlıqlarının həll olunmasının tərəfdarıdır. Bunun üçün isə ən yaxşı variant Suriyada milli birlik hökumətinin yaradılmasıdır”.