Ukraynada azərbaycanlı qardaşları səfirlik də təltif etdi

Ukraynada azərbaycanlı qardaşları səfirlik də təltif etdi backend

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımız Umud və Sabir Şirinov qardaşlarını ukraynalı ailənin həyatlarını xilas edərkən göstərdikləri şücaət və qəhrəmanlığa görə xüsusi mükafatla təltif edib.

Bu barədə Modern.az-a səfirlikdən məlumat verilib.

Məlumata görə, bununla bağlı səfirlikdə keçirilən görüşdə çıxış edən səfirliyin müşaviri Vüsal Süleymanov bildirib ki, Nikolayev şəhərində üç nəfəri yanan avtomobildən xilas edən soydaşlarımızın qəhrəmanlığını bütün Ukrayna cəmiyyəti rəğbətlə qarşılayıb. Yerli mətbuat geniş işıqlandırıb.

“Bu ənənə onu göstərir ki, xalqımız tarixən qəhrəmanlıqları ilə seçilib. Öz həyatınızı riskə ataraq azyaşlı uşağı və valideynləri xilas etməklə Azərbaycan xalqının necə humanist, tolerant və qəhrəman olduğunu bir daha dünyaya nümayiş etdirdiniz”, deyə V.Süleymanov əlavə edib.

Göstərdikləri diqqətə görə, səfirliyə təşəkkürünü bildirən U.Şirinov qeyd edib ki, hər bir azərbaycanlı yaşadığı yerdən asılı olmayaraq əməlləri ilə dövlətinin, xalqının başını uca tutmalıdır. Dövlətimizin dünyada yaşayan soydaşlarımıza diqqəti azərbaycanlıların fəaliyyətinə xüsusi stimul verir.


Xatırladaq ki, Ukraynada yaşayan azərbaycanlı qardaçlar yanvarın 19-da Nikolayev şəhəri ətrafında hərəkət edərkən yolun kənarında çevrilmiş və artıq yanmağa başlayan bir avtomobil görüblər. Maşının içindən körpə səsi gəlirmiş. Qardaşlar içəridə sıxışıb qalanları çıxarmaq üçün ətrafdakı insanlara müraciət edirlər. Lakin kimsə həyatını riskə atmaq istəmir. O zaman Sabir və Ümid özləri təkcə maşındakıları qurtarmağa girişirlər.
Yan şüşələri sındırıb içəridəkiləri çıxarmaq cəhdi uğursuz olduqda, baqaj tərəfdən salona daxil olurlar. Ana və körpəni xilas edirlər. Bu zaman maşın daha bərk yanmağa başlayıb. Ətrafdakılar qışqırıb onları uzaqlaşmağa çağırırlar. Lakin qardaşlar ön oturacağı sındıraraq ailə başçısını da çıxara bilirlər. Bir-iki dəqiqədən sonra isə maşın partlayır.

Sabir və Ümid bundan sonra həmin ailəni xəstəxanaya aparan təcili yardımı müşayiət ediblər və ailəyə maddi yardım da göstəriblər.

Ailə hazırda xəstəxanada müalicə olunur.

Sabir və Ümid Şirinovlar ailəlidirlər, hər birinin iki uşağı var. Onlar Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətindəki üzvləridir.
Diaspora