Fransız siyasətçi: “Avropanın Rusiyaya yanaşmasındakı səhv sonda qitəyə böyük zərbə vuracaq. Anlamaq lazımdır ki,Rusiya ilə münasibətlərin bundan sonra daha da gərginləşməsi sonda Avropanın tənəzzülü ilə nəticələnəcək”
“Rusiya Avropa ilə Asiya arasında körpüdür. Əgər Avropa Rusiya ilə münasibətlərin gərginləşməsinə son qoymasa, tezliklə tənəzzülə qədəm qoyacaq”. Bu fikirləri Fransanın “Challenges” jurnalına müsahibəsində məşhur fransız siyasətçisi Elen Karrer Dankoss bildirib.Politoloq hesab edir ki, Avropanın qarşısında iki seçim var - qitə ya Rusiya ilə münasibətlərini qaydasına salaraq Asiya inkişaf modelində iştirak etməli, ya da özünə qapanaraq tənəzzülə getməlidir: “Rusiya prezidenti Vladimitr Putin Qərbi əvvəldən başa salmağa çalışır ki, dünya dəyişir, inkişaf edən Asiya ölkələrinə doğru “geosiyasi sürüşmə” başlayıb. Bu gün Moskva Asiya ölkələri ilə sıx əlaqələr yaradıb və sanksiyaların tətbiqindən sona biz bu əlaqələrin daha da sıxlaşmasını müşahidə edirik. Avropanın Rusiyaya yanaşmasındakı səhv sonda qitəyə böyük zərbə vuracaq. Anlamaq lazımdır ki, Rusiya ilə münasibətlərin bundan sonra daha da gərginləşməsi sonda Avropanın tənəzzülü ilə nəticələnəcək. Rusiyasız Avropa tənəzzülə məhkumdur. Rusiya Avropaya, Avropa sivilizasiyasına məxsusdur və bu rolda da qalmalıdır. Digər tərəfdən Rusiya Avropa üçün Asiyaya körpüdür, ona görə də Moskva Avropaya Asiyanın inkişaf modelində iştirak etməkdə yardımçı ola bilər”. Onu da qeyd edək ki, Berlində dünyada ən böyük qida və aqrar texnika sərgisi keçirilir. “Yaşıl həftə” adı altında keçirilən sərgiyə Rusiya da qatılıb. Bu ölkənin kənd təsərrüfatı naziri Nikolay Federov sərgi çərçivəsində alman həmkarı ilə görüşüb. Görüşdən sonra mətbuata açıqlama verən Federov qeyd edib ki, danışıqların detallarını açıqlamaq fikrində deyil, amma mətbuatda yazılanların bir qismi doğrudur. Qeyd edək ki, mətbuatda almanların bəzi kənd təsərrüfatı məhsulları üçün sanksiyanın ləğvi ilə bağlı Rusiyaya müraciət etdiyi qeyd edilir. “Komsomolskaya Pravda” yazır ki, Avropa İttifaqına üzv olan ölkələrin nazirləri Federovla görüşmək üçün növbəyə dayanıblar. Onların hamısının istəyi ölkələrində istehsal edilən məhsulların Rusiya bazarına buraxılmasıdır. Təkcə Almaniyanın bu sahədə itkisi yarım milyard avroya, Hollandiyanın isə 350 milyon avroya çatıb. Nəşr yazır ki, büdcələrinə ziyan dəyən kimi ümumavropa həmrəyliyi və ABŞ sevgisi birdən-birə yoxa çıxıb, hamı özünü fikirləşir. Rusiyalı nazir sanksiyanın tətbiqindən söhbət getmədiyini bildirib: “Bizim sanksiyalarımız onların tətbiq etdiyi sanksiyalara cavab tədbiridir. Ona görə də ilk addımı onlar atmalıdır. Biz Almaniyanı ticarət tərəfdaşı kimi itirmək istəmirik, Almaniya Rusiyanın Avropa İttifaqındakı lobbi maraqlarının tərkib hissəsini təşkil edir. Doğrudur, almanların bəzi məhsulları Rusiya bazarında satılır və onlar sanksiya siyahısına düşməyib, amma ümumilikdə onlardan idxal dayandırılıb. Bəzi məhsulların idxalını isə fitosanitar idarə dayandırıb. Onlar müsbət rəy verdikləri halda həmin malların idxalı bərpa edilə bilər, bu isə almanların bəzi itkilərini kompensasiya edə bilər”.