Qazaxıstan hökuməti rublun dəyərdən düşməsi nəticəsində ciddi şəkildə ucuzlaşan və bununla da Qazaxıstanın daxili bazarına təhlükə törədən bəzi məhsulların Rusiyadan idxalına embarqo tətbiq etməyi düşünür.
Bu barədə “Kommersant” qəzeti Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Avrasiya İqtisadi Komissiyasına istinadən məlumat yayıb. Qəzet yazıb ki, Astana Rusiyadan neft məhsullarının, avtomobillər və onlar üçün akkumulyatorların, tikinti armaturları, ət, toyuq yumurtası, makaron, qənnadı məmulatları, un və şirələrin idxalını qadağan etmək və ya məhdudlaşdırmaq niyyətindədir.Qazaxıstan öz mövqeyini belə əsaslandırır ki, rublun devalvasiyası nəticəsində (rubl qazax pul vahidi tengeyə nisbətdə 47% ucuzlaşıb) qazax istehsalçıları Rusiya malları ilə qiymətdə rəqabət apara bilmirlər. Bu səbəblə Qazaxıstan Milli Sahibkarlar Palatası ölkə hökumətini Rusiyadan toyuq ətinin, unun idxalına tam qadağa qoymağa, toyuq yumurtasının idxalına kvota tətbiq etməyə çağırıblar.
Lakin Rusiya Kənd Təsərrüfatı Nazirliyindəki mənbə bildirib ki, Astana embarqo üçün ciddi əsaslar təqdim etməyib və hazırda tərəflər idxalın həcmi və qiymət parametrlərini dəqiqləşdirir. Mənbə Qazaxıstanın yarım il müddətində Rusiyadan neft məhsullarının gətirilməsinə də məhdudiyyət tətbiq etmək istədiyini söyləyib. Rusiya avtomobillərinin idxalına da kvota tətbiqi gözlənilir.
Xatırladaq ki, Qazaxıstan və Rusiya Avrasiya İqtisadi İttifaqının təsisçiləridir.