Kerç böhranı: Qərb Rusiyaya ilk zərbəni endirdi

Kerç böhranı: Qərb Rusiyaya ilk zərbəni endirdi backend

Qərbin Rusiyanın Kerç-Qara dəniz akvatoriyasında Ukrayna gəmilərinə hücumuna reaksiyası ilk günlər həqiqətən də zəif idi.

ABŞ Prezidenti Donald Tramp ümumiyyətlə bu mövzuya toxunmur, Avropa liderləri heç münasibət də bildirmirdilər. Yalnız orta səviyyədə avropalı məmur, səfir və ya komitə sədrləri Azov dənizində baş verən böhran haqqında nəsə mövqe bildirirdi.

Bu sözləri Axar.az-a Qərbin Rusiyanın Kerç-Qara dəniz akvatoriyasında Ukrayna gəmilərinə hücumuna ciddi reaksiyasının olmaması ilə bağlı suala cavabında politoloq Eldar Namazov deyib. Qarşıda reaksiyaların getdikcə daha da sərtləşəcəyini deyən politoloq hələlik bunun pik nöqtəsinin Trampın bəyanatı olduğunu bildirib:

“Tramp dünən gözlənilmədən Argentinada G20 sammitində Putinlə nəzərdə tutulan görüşünün ləğv oluna biləcəyini elan etdi. Tramp buna səbəb kimi Kerç-Qara dəniz akvatoriyasında Rusiyanın Ukrayna gəmilərinə hücumunu göstərib. O, görüş qərarının insidentlə bağlı araşdırmalardan asılı olacağını bildirib. Bu, ruslar üçün çox gözlənilməz zərbədir. Ona görə ki, Putin Administrasiyası bundan əvvəl Fransada I Dünya müharibəsinin başlanmasının ildönümü ilə bağlı Parisdə beynəlxalq tədbir çərçivəsində amerikalı həmkarı ilə görüşə can atırdı, ancaq bu görüş də ən son məqamda baş tutmamışdı. Bu mənada ümid Argentina görüşünə idi. Hətta ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton liderlərin öz aralarında Argentinada nəhayət ki, ciddi məsələləri müzakirə edəcəklərini bəyan etmişdilər. Ancaq dünən Tramp bu görüşü də sual altında qoydu. Əgər Trampla Putin arasında çoxlarının gözlədiyi görüş pozularsa, bu, Rusiya üçün çox böyük diplomatik məğlubiyyət olacaq”.

Politoloq bildirib ki, artıq aparıcı Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaların tətbiq olunması, Ukraynaya daha böyük həcmdə silahın verilməsi ilə bağlı fikirlər səsləndirməsi Azov böhranına reaksiyaların daha da sərtləşəcəyindən xəbər verir:

“Ötən günün ikinci yarısından etibarən Rusiyaya qarşı reaksiya daha da sərtləşib və ciddi hal alıb. Bunun da ən böyük göstəricisi, dediyimiz kimi, Trampın açıqlamasıdır. Hesab edirəm ki, bu addım çox böyük rezonansa səbəb olacaq. Çünki bu, beynəlxalq münasibətlərdə çox sərt addım sayılır. Sözsüz ki, bunun da sonrakı proseslərə təsiri qaçılmaz olacaq. Hər halda Trampın açıqlaması Rusiya diplomatlarını və siyasətçilərini əməlli-başlı təşvişə salıb. Onlar heç bunu şərh də etmirlər və veriləcək qərarı gözləyirlər. Bundan başqa Pompeo Poroşenko ilə telefon danışığı aparıb və artıq Ukraynaya hərbi yardımın gücləndirilməsi ilə bağlı müəyyən vədlər verilib. Bir sözlə, ilk günlərdəki reaksiyalar həqiqətən adekvat olmasa da, sonradan pərdəarxası proseslər başladı”.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.