Daily Sabah: Yaxın vaxtlarda səsyazısını yayımlayacağıq
“Al-Jazeera” telekanalı Türkiyədə qətlə yetirilən səudiyyəli jurnalist Cemal Kaşıkçının son sözlərini yayımlayıb.Bu barədə telekanala Türkiyənin “Daily Sabah” qəzetinin əməkdaşı Nazif Karaman danışıb.
Onun sözlərinə görə, Cemal Kaşıkçının sözləri səsyazısında eişidilir və bu, Kaşkçının öldürüldüyünün dəlilidir.
“Boğuluram... Bu kisəni başımdan çıxarın, məndə klaustrofobiya var”, - jurnalistin son sözləri belə olub.
Nazif Karamanın sözlərinə görə, səsyazısından eşidilir ki, səudiyyəli jurnalisti təxminən 7 dəqiqəyə öldürüblər.
O əlavə edib ki, “Daily Sabah” qəzeti yaxın vaxtlarda Cemal Kaşıkçının həyatının son dəqiqələrini özündə əks etdirən səsyazısının bəzi hissəslərini yayımlayacaq.
Cemal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü.
Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib, lakin buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Kaşıkçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.
Cemal Kaşıkçı öldürüldükdən sonra meyiti hissələrə parçalanıb. Jurnalistin parçalanmış meyiti hələ də tapılmayıb.