Ermənistandan olan cinayətkarlar Almaniyada güclü və böyük bir şəbəkə qurublar.
Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu “Der Spiegel” qəzeti ölkənin hüquq-mühafizə orqanlarına istinadən yazıb.Məlumatda qeyd olunur ki, son 3 il ərzində Almaniyanın təhlükəsizlik qüvvələri məxfi əməliyyatlar çərçivəsində erməni mafiyasının üzvlərini həbs etməyə çalışıb. Lakin bu məsələdə ciddi uğur əldə edə bilməyib. “Fight against thieves in law” (“Qanuni oğrulara qarşı mübarizə”) kod adı altındakı əməliyyatları Almaniyanın Federal Cinayət Polisi 6 əyalətin müvafiq ixtisaslaşmış qurumları ilə birgə keçirib.
“Der Spiegel” yazır ki, bu, indiyədək Almaniyada mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilən ən irimiqyaslı əməliyyat-axtarış tədbirlərindən biridir.
Almaniyanın hüquq-mühafizə orqanlarındakı istintaq materiallarında “qanuni oğrular” Rusiya-Avrasiya mütəşəkkil cinayətkarlığının ən yüksək avtoritetləri kimi göstərilib. Və həmin sənədlərdə qeyd olunur ki, bu avtoritetlər Almaniyadakı erməni mafiyası strukturlarını da idarə edir.
Almaniyanın Federal Cinayət Polisi erməni mafiyasının maliyyə fırlıdaqçılığı və digər cinayətlərlə məşğul olduğunu bildirib: “Küllü miqdarda maliyyə resurslarına sahib erməni mafiyası Almaniyadakı hüquqi dövlətin əsaslarını təhdid edir.”
Hətta vurğulanır ki, aparılan istintaq çərçivəsində olduqca təhlükəsli olan erməni mafiyasının cinayətkar üzvlərinin ələ keçirilməsi üçün Federal Cinayət Polisinə Almaniyanın Federal Kəşfiyyat Xidməti və beynəlxalq mütəşəkkil cinayətkarlıqla mübarizəni koordinasiya edən “Avropol” (Avropa İttifaqının polis xidməti) da kömək edirlər. Lakin dəlillərin yetərsizliyi üzündən istintaqın nəticələri ciddi həbslərin icrasına imkan vermir.
“Der Spiegel” qəzeti onu da xüsusilə vurğulayıb ki, erməni mafiyası Ermənistan hökuməti və diplomatik strukturları ilə əməkdaşlıq edir. Belə ki, Ermənistanın Almaniyadakı səfiri Aşot Smbatyan erməni mafiyası ilə mübarizədə rəsmi Berlinə öz köməyini təklif edib. Lakin Federal Cinayət Polisi bu əməkdaşlıqdan imtina edib. Almaniya polisi bildirib ki, erməni “qanuni oğrular”ın Ermənistanın dövlət strukturları və onların nümayəndələri ilə əlaqələrini istisna etmir. Odur ki, bu cür əməkdaşlıq rəsmi İrəvanın dəstəyi və qoruması altında olduğu güman edilən erməni mafiyası üzvlərinin həbsini daha da çətinləşdirə bilər.
Qeyd edək ki, 4 ay bundan əvvəl İspaniya təhlükəsizlik qüvvələri Avropadakı ən böyük və təhlükəli erməni mütəşəkkil cinayətkar qrupunun qanunsuz əməllərinə son qoymaq üçün irimiqyaslı xüsusi əməliyyat keçirmişdi. Eyni vaxtda İspaniyanın 6 regionunda keçirilən 70-dən çox operativ-axtarış əməliyyatı nəticəsində erməni mafiyasının qanunsuz silah və narkotik satışı, tütün məhsullarının qaçqmalçılığı, çirkli pulların yuyulması və gizli cinayətkar qruplaşmaların yaradılmasında şübhəli bilinən 140 üzvü həbs edilib.