Artıq Ermənistanda müxtəlif etiraz aksiyaları ənənəyə çevrilib.
Lakin Armavir vilayətinin Pştavan kənd sakinlərinin narahatlığı fərqlidir. Bu kənd Türkiyə ilə tam sərhəddə yerləşir.Ordu.az xəbər verir ki, kəndin bəzi evləri sərhəddən cəmi 100-150 m uzaqlıqda yerləşir. Buradakı sərhəd zastavası xidmətin optimallaşdırılması adı ilə 2015-ci ildə ləğv edilib. Hazırda qonşu kəndlərdə zastava olsa da Pştavan kəndində yoxdur. Qonşu kəndlərlə Pştavan kəndi arasında 15 km məsafə var.
Kənd icra nümayəndəsi Azad Karamyan deyir ki, kəndəki zastava çıxarılıb və indi kəndin qarşı tərəfində türklərin mövqeyi yerləşir.
"Yerli əhali son vaxtlar sərhəd pozulması hallarının çoxalmasından və öz təhlükəsizliklərindən narahat olmağa başlayıblar. Yerli əhali hesab edir ki, qarşı tərəfdən gələn təxribatların qarşısının alınmasında Rusiya bayrağının varlığı rol oynayır. Kənd əhalisi rus sərhədçilərinin çox olmasının tərəfdarıdır", - deyə o bildirib.
Hərbçilərin sözlərinə görə, zastavanın ləğv edilməsi səbəblərindən biri də kadr çatışmazlığıdır.
Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədinin qorunması üçün olduqca az müddətli xidmət hərbi qulluqçusu verilir. 4 zastava dəstəsi (Armavir, Artaşat, Gümrü və Meğri) üçün ildə cəmi 30 əsgər göndərilir ki, bu da faktiki olaraq bir dəstə üçün 7 əsgər deməkdir. Müqaviləli hərbi qulluqçu toplamaq isə mümkün deyil. Hərbçilər narahatlığa heç bir əsas olmadığını desələr də, yerli əhali qorxduqlarını deyirlər.
Sakinlərin sözlərinə görə, bu problemi həll etmə səlahiyyətində olan vilayət rəhbərliyi və milli təhlükəsizlik xidmətinin əməkdaşlarından heç kim gəlməyib. Yalnız polis və Ermənistanda Rusiyanın təhlükəsizlik federal xidmətinin sərhəd qoşunları, sərhəd zastavası komandiri etirazçılarla görüşüb. Kəndlilər Ermənistanın hüquq mühafizə, MTX fəaliyyətindən narazılıqlarını ifadə ediblər.