İrəvan seçkiləri bitdi: Seçki pozuntusu, toqquşma...

İrəvan seçkiləri bitdi: Seçki pozuntusu, toqquşma... backend

İrəvan meriyasına keçirilən seçkilərdə 14:00-a qədər cəmi 23,72 faiz seçici iştirak edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MSK sədri Laura Qalstyan məlumat yayıb. O bildirib ki, seçkidə 848 343 seçicidən 201 268-ü səs verib.

Əriklər Ölkəsi Partiyasının sədri Zauri Postancyan mediaya açıqlamasında isə bu seçkiləri Nikol Paşinyan üçün əsl imtahan adlandırıb. O deyib ki, Nikol Paşinyanın əlində seçkini saxtalaşdırmaq üçün bütün imkanlar var:

“Amma biz gərək 25 illik səhvləri təkrar etməyək”, - deyə o seçki saxtalaşdırılması ehtimalına qarşı fikrini bildirib.

Qeyd edək ki, bu gün Ermənistanda İrəvan meriyasına seçkilər keçirilir. Bu seçkilərdə əsas rəqabət Çarukyan fraksiyasının deputatı, Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan ilə Mənim Addımım Blokunun namizədi Hayk Marutyunyan arasındadır.

Paşinyan H.Marutyunyanın namizədliyini dəstəkləyir və onun seçki kampaniyasında iştirak edib.

Çarukyan Blokunun lideri Qagik Çarukyan isə Respublikaçılar Partiyasının lideri, keçmiş prezident Serj Sərkisyanla görüşüb və ehtimal olunur ki, onlar seçkidə razılığa gəliblər. Bu isə Zöhrabyanın şansını çox artırır.

İrəvan polisi saat 11:00-a qədər jurnalistin öz fəaliyyətini yerinə yetirməyə maneə yaradıldığı, bir nəfərin iki və daha çox şəxsin yerinə səs verdiyi, seçici siyahılarının dəyişdirildiyi və digər pozuntularla bağlı ümumilikdə 10 pozuntu qeydə alıb.

Namizədlərin bir-birinə qarşı hədsiz dərəcədə ağır təhqirlərdən istifadə etdiyi də bildirilir. Erməni politoloqlar bu təhqirlərin səbəbini siyasi partiyalar arasındakı münasibətin dözülməz dərəcədə kəskinləşməsi və siyasi rəqabətin “siyasi savaş” müstəvisinə keçməsi ilə əlaqələndirirlər.

***

İrəvan meriyasına keçirilən seçkilər yerli vaxtla 20:00-da başa çatıb.

Hazırda səslərin sayıldığı bildirilir.

Vurğulanır ki, seçici fəallığı həddən artıq aşağı səviyyədə olub.

Hazırda ölkə xaricində olan baş nazir N.Paşinyan Feysbuk hesabında əvvəlki illərə nisbətdə seçicilərin daha passiv olmasını "onların həmişəki kimi seçkiyə avtobuslarla daşınmaması" ilə əlaqələndirməyə çalışıb.

Bundan əlavə, İrəvan polisinin 11:30-a olan məlumatına görə, məntəqələrdə 87 seçki pozuntusu faktı, 10 insident qeydə alınıb.

Qeyd edək ki, bu hələ İrəvan polisinin 11:30-a olan məlumatıdır. Sonrakı saatlarda baş verənlərlə bağlı erməni mətbuatında informasiya verilmir.

***

Ermənistan Mərkəzi Seçki Komissiyası seçici fəallığı ilə bağlı rəsmi rəqəmi açıqlayıb. Bildirilib ki, seçkidə 43,65% seçici iştirak edib. Bu, ötən seçki ilə müqayisədə iki dəfə aşağı göstəricidir.