Xocalı vəhşilikləri amerikalı jurnalisti dəhşətə gətirdi

Xocalı vəhşilikləri amerikalı jurnalisti dəhşətə gətirdi backend

ABŞ-ın ən nüfuzlu mətbu orqanlarından olan "The Huffington Post" qəzetində Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, Eni Lazko (Annie Lascoe) adlı müəllif tərəfindən qələmə alınmış və “Şahidin dərdini bölüşmək” başlığı daşıyan məqalədə Xocalı soyqırmı zamanı vəhşiliklərə məruz qalmış Dürdanə Ağayevanın başına gələnlərdən söz açılır.

E.Lazko bu ilin fevral ayında D.Ağayeva ilə görüşdüyünü, onun ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş münaqişə zamanı baş vermiş Xocalı qətliamında məruz qaldığı vəhşilikləri dinlədiyini, dərindən mütəəssir olduğunu bildirir. O, etiraf edir ki, fevral ayında keçirilən görüşə qədər Xocalının dünyaya haray salan ağrı-acısından xəbəri olmayıb. Ancaq D.Ağayevaya qulaq asdığı zaman bu faciənin dəhşətləri ilə tanış ola bilib.

Müəllif özünün yəhudi əsilli amerikalı olduğunu, vaxtilə ailə üzvlərinin yəhudi soyqırımına – Holokosta məruz qaldığını, bu baxımdan da D.Ağayevanın çəkdiyi məşəqqəti, yaşadığı travmaları daha yaxşı hiss edə bildiyini qeyd edir və yazır: “Ancaq bizim ailələrimiz müəyyən mənada şanslı idilər. Çünki yəhudilərin başına gələnlər barədə dünyanın məlumatı olub və indi də var. Bu məlumatın yayılmasına xidmət edən institutlar, muzeylər və qurumlar fəaliyyət göstərir. …Ancaq Dürdanə ilk dəfədir ki, öz hekayəsini danışır”.

Müəllif D.Ağayevanın Azərbaycandan müsəlman qadın olduğuna diqqət çəkərək, əsirlikdə başına gələnləri dilə gətirməyin onun üçün asan olmadığını vurğulayır və bildirir: “Bütün potensial dini, mədəni və ünsiyyətlə əlaqədar sədlərə baxmayaraq, Dürdanənin məruz qaldığı dəhşətlər və güclü iradəsi bizi – onun amerikalı qadın dinləyicilərini birləşdirdi”.

Sonda müəllif bildirir: “Mən yalvarıram ki, Dürdanənin cəsarətli şəkildə, heç bir qorxu duymadan könüllü olaraq öz başına gələnləri danışması biz qadınları silkələsin, onun həyatda qalmaq mübarizəsi digər danışılmamış hekayələrə də işıq salsın və dünya tezliklə Xocalı qətliamında həyatını itirənləri tanısın, onların yasını tutsun və bu qurbanları yad etsin”.

E.Lazko qadın hüquqları və cəmiyyətdə gender problemləri üzrə ixtisaslaşan, bu sahədə müxtəlif KİV-lərdə tez-tez çıxış edən jurnalistdir. Xocalı soyqırımının şahidi D.Ağayeva bu ilin fevral ayında Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Los Ancelesdə səfərdə olarkən amerikalı qadınlarla keçirdiyi görüşlərin birində E.Lazko onunla tanış olub.
Diaspora