QAZİLER.AZ xəbər verir ki, “Juniper Research” şirkətinin proqnozuna görə, smartfonlar və planşetlərin generasiya etdiyi mobil trafikin ümumi həcmi 2019-cu ilədək 197 min petabayta yaxınlaşacaq ki, bu da “Blu-Ray” keyfiyyətində 10 milyard filmin sayına bərabərdir. Analitiklər bildirir ki, qeyd olunan trafik həcminin yalnız 41 faizi mobil rabitə xətləri vasitəsilə ötürüləcək, yükləmənin çox hissəsi "Wi-Fi” şəbəkələrinin payına düşəcək.
Ekspertlərin proqnozuna görə, 2015-2019-cu illərdə smartfon və planşet istifadəçilərinin məlumat ötürülməsinin orta aylıq həcmi iki dəfə artacaq. Mobil qurğu sahibləri daha çox media kontent sərf edəcək ki, buna da yüksəksürətli “4G” şəbəkələrinin gələcək tətbiqi və yüksək təsvir ölçülü videoçarxların artan populyarlığı xidmət edəcək.Mütəxəssislər qeyd edir ki, şəbəkə trafikinin əsas hissəsi videonun payına düşür və bu nisbət daima artır. “Juniper Research”in qiymətləndirməsinə görə, 2014-2019-cu illərdə smartfonlara ötürülən videotrafikin həcmi səkkiz dəfə artacaq. Hazırda videonun dünya İP trafikinin həcmində payı 60 faizə yaxındır. İki-üç ildən sonra bir sıra inkişaf etmiş bazarlarda nisbətin 70 faizi ötəcəyi gözlənilir.
Tədqiqatda həmçinin qeyd olunur ki, ötən il Uzaq Şərq və Çin smartfonlar və planşetlərin generasiya etdiyi trafikin həcminə görə ilk dəfə Şimali Amerikanı geridə qoyub, - "DailyComm” yazır.