Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb backend

Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə başa çatıb.

APA-nın məlumatına görə, yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatıb.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.

Prezident seçkilərinə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.

R. T. Ərdoğanın namizədliyini sədri olduğu hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyətçi Hərəkat Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP) və Hüda-Par dəstəkləyir.

Prezident seçkilərinin birinci turunda namizədlərdən hər hansı biri qalib gəlmək üçün seçicilərin 50%-dən artıq səs toplamalıdır. Namizədlərdən heç biri 50%-dən artıq səs toplamasa, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda yarışacaq.

Parlament seçkilərində mübarizə aparacaq siyasi partiyalar isə AKP, MHP, BBP, CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, Vətən Partiyasıdır. AKP və MHP parlament seçkilərinə birgə blokda – “Cümhur ittifaqın”da qatılacaq. BBP namizədləri isə “Cümhur ittifaqın”da AKP namizədləri qismində yer alıb. CHP, İyi Partiya, Səadət Partiyası və Demokratik Partiya isə parlament seçkilərinə “Millət ittifaqı”nda qatılıb.

***

saat 09.00

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri başlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, yerli vaxtla saat 8-də başlayan seçkilər saat 17-də başa çatacaq.

Seçkilərin ilk nəticələrinin yeri vaxtla saat 19.00-dan sonra açıqlanması gözlənilir.

Qeyd edək ki, Türkiyədə bələdiyyə, prezident və parlament seçkilərinin 2019-ci ildə keçirilməsi nəzərdə tutulsa da, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bu il aprelin 17-də partiyasının parlament fraksiyasının iclasındakı çıxışında “ölkədəki, bölgədəki və dünyadakı şərtləri” nəzərə alaraq, avqustun 26-da vaxtından əvvəl parlament və prezident seçkilərinin keçirilməsini təklif edib. Növbəti gün D. Baxçalı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdən sonra R. T. Ərdoğan iyunun 24-də növbədənkənar parlament və prezident seçkilərinin keçiriləcəyini açıqlayıb, parlament və Ali Seçki Şurası müvafiq qərar qəbul edib.

Bu gün prezidentliyə namizədlərdən hər hansı biri 50%+1 səs ala bilməyəcəyi halda bu turda ən çox səs toplamış iki namizəd iyulun 8-də keçiriləcək ikinci turda yarışacaq.

Bu parlament seçkisini əvvəlkilərdən fərqləndirən ən önəmli məqam isə seçkidə partiyaların ittifaq yaratmalarına icazə verilməsidir. 1982-ci ildə qəbul edilmiş Konstitusiya və seçki qanunvericiliyinə görə 10 faizlik baryeri aşan partiyalar parlamentdə təmsil oluna bilərdi. 10%-lik baryeri keçə bilməyən kiçik siyasi partiyalar bu seçkidə yaradılan ittifaqlar nəticəsində parlamentdə mandata sahib ola biləcəklər.