Argentina mətbuatında Bakı 2015 Birinci Avropa Oyunları ila bagli yazılar dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, Argentinanın turizm, idman, mədəniyyət üzrə ixtisaslaşan “Host News Traveller”, “Daily Web”, “Pulso Turistico”, “Norte en Linea” xəbər portallarında, habelə “Telam” milli xəbərlər agentliyinin və “Clarin” qəzetinin müvafiq olaraq idman və turizm bölmələrində Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı yazılar dərc olunub.Yazılarda Birinci Avropa Oyunları çərçivəsində keçiriləcək idman yarışları barədə məlumat verilir, həmçinin bu idman yarışının ən yüksək səviyyədə keçirilməsi üçün Bakıda yaradılmış müasir infrastrukturdan və idman komplekslərindən söz açılır.
Habelə yazılarda qeyd olunur ki, dünyanın sürətlə inkişaf edən iqtisadiyyatlarından olan Azərbaycanda turizm sənayesi və nəqliyyat infrastrukturunun inkişafına da böyük sərmayələr yatırılıb, hazırda ölkədə dünyanın aparıcı hotel şəbəkələrinə məxsus mehmanxanalar, çox sayda turistik komplekslər, istirahət, mədəniyyət, ticarət və əyləncə mərkəzləri, həmçinin Qafqazın ən böyük hava limanı olan Heydər Əliyev Hava Limanı da daxil olmaqla 5 beynəlxalq aeroport fəaliyyət göstərir. Yaradılmış bu infrastrukturun Azərbaycanda gələcək illərdə keçirilməsi nəzərdə tutulan 2016-cı il Formula 1 Grand Prix yarışları, 2016-cı il Şahmat Olimpiadası, 2017-ci il İslam Həmrəyliyi Oyunları, 2020-ci il futbol üzrə UEFA Avropa Çempionatının 4 oyunun keçirilməsi kimi digər əhəmiyyətli tədbirlərə də xidmət edəcəyi bildirilir.
Yazılarda Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadəyə istinadən qeyd olunur ki, son illərdə Azərbaycan irimiqyaslı beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, mədəni və idman tədbirlərinə ev sahibliyi edir ki, bu da ölkəmizin hərtərəfli inkişafının göstəricisidir.
“Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq Bakı 2015 I Avropa Oyunlarına tamaşa etmək etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanı qovuşduran, qədimlik ilə müasirliyi birləşdirən ölkəmizi tanımaq üçün gözəl bir fürsət olacaqdır”, - deyə səfir vurğulayıb.