Yaxın zamanlarda Ermənistanın müxtəlif vilayətlərində və paytaxt İrəvanda böyük mitinqlər keçiriləcək.
APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, bunu “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Tsarukyan müxalif siyasi və ictimai təşkilatların iştirakı ilə keçirilən toplantıda bildirib.Onun sözlərinə görə, ölkədəki siyasi monopoliyanın kökü kəsilməlidir: “Ermənistana yeni keyfiyyətə malik hakimiyyət, yeni savadlı simalar lazımdır. Bununla bağlı mən yeni namizədlərə dəstək verməyə hazır olduğumu bəyan edirəm. Ermənistanda və ölkədən kənarda yaşayan erməniləri, yaxşı təhsil almış mütəxəssisləri hazırkı hakimiyyətə alternativ yaratmaq üçün birləşməyə dəvət edirəm. Top indi hakimiyyətdədir, amma bu, əbədi olmayacaq və hakimiyyət qərar verməlidir”.
Sözügedən toplantıda Erməni Milli Konqresi, “İrs” Partiyası və digər müxalif siyasi qüvvələrin nümayəndələri də iştirak edib.