Ukrayna böhranı, sanksiyalar və neft qiymətlərinin düşməsi səbəbindən çətin günlər yaşayan Rusiya iqtisadiyyatının 3 əsas problemi var.
“The Moscow Times”da yer alan məqalədə neft, təbii qaz və metal qiymətlərində yaşanan sərt eniş, geosiyasi təzyiqin yüksəlməsi və çalışan əhalinin azlığı Rusiya iqtisadiyyatının əsas problemləri kimi göstərilir.Axar.az məlumat verir ki, fərqli təxminlərə görə, Rusiya iqtisadiyyatı cari ilin sonunda 3-5 faiz kiçiləcək. Rusiya Federal Statistika Xidməti ilin ilk rübü üçün 1,9 faiz geriləmə proqnozlaşdırır. Qərb ilə əlaqələrdə Soyuq müharibə dövründən sonra ən çətin dövrlərini yaşayan Rusiyada geosiyasi problemlər iqtisadiyyata birbaşa təsir edir.
Rusiyanın ən əsas problemi neft, təbii qaz və metal xammal məhsullarının qiymətlərinin düşməsidir. 2015-ci ilin ilk rübündə ixracatın 65 faizi enerjinin üzərinə düşüb. Metal və metal məhsulları ixracatı isə bir qədər az, 10 faiz təşkil edib. Neftin bir barrelinin qiyməti 2014-cü ilin iyunundan 2015-ci ilin yanvarınadək 115 dollardan 55 dollara enib. Qiymətlərin yenidən 65 dollar səviyyəsinə qalxması iqtisadiyyatda canlanma ilə nəticələnsə də, bu, şimal qonşumuzun iqtisadiyyatı üçün yetərli rəqəm deyil. Çünki 2013-cü ildə neftin bir barrelinin qiyməti 100 dollar olanda ölkə iqtisadiyyatı 1,3 faiz inkişaf etmişdi.
Ölkənin ikinci böyük problemi geosiyasi təzyiqlərin artmasıdır. Ukrayna böhranı səbəbindən Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir edir. Geopolitik təzyiqin yüksək olması, siyasi qeyri-müəyyənliyin artması xarici kapital axınını da dar çərçivəyə salır. Rusiya banklarının uzun müddətli xarici kredit qəbuluna qoyulan qadağa 142,5 milyard dollarlıq borcun ödənilməsini də kilidləyib.
Rusiyanın 360 milyard dollar ətrafında olan ehtiyatı ölkənin maliyyə sisteminin qorunmasına dəstək verir. ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerrinin Soçi səfəri əlaqələrdə yumşalma ehtimalını artırsa da, sanksiyaların 2015-ci ildə ləğv olunması gözlənilmir.
Rusiya iqtisadiyyatının üçüncü problemi isə məşğulluq səviyyəsinin həddindən artıq aşağı olmasıdır. Şimal qonşumuzda doğum nisbəti 1987-ci ildə 2,2 olduğu halda, 1999-cu ildə bu rəqəm 1,17-yə qədər geriləyib. Hökumətin proqnozlarına görə, önümüzdəki bir neçə il ərzində çalışan əhalinin sayı 1 milyon da azalacaq. Bu problemi aradan qaldırmaq üçün hökumət təqaüd yaşlarının kişilər üçün 60, qadınlar üçün 55-ə qaldırılması, miqrantlar haqqında qanunun sərtləşdirilməsi və digər radikal addımlar atmağa hazırlaşır.