ABŞ Menbiçi terrorçulardan təmizləmək istəmir

ABŞ Menbiçi terrorçulardan təmizləmək istəmir backend

ABŞ Dövlət Departamenti Suriyanın Menbiç rayonunu kürd terrorçularından 3 mərhələdə təmizləməklə bağlı Vaşinqtonla Ankara arasında razılıq əldə olunmasına dair yayılan məlumatları təkzib edib.

AzVision.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Hizer Nauert Menbiçlə bağlı ortada heç bir üçmərhələli planın olmadığını bəyan edib.

“Bu barədə bizim Türkiyə hökuməti ilə razılaşmamız yoxdur. Biz onlarla həm Suriya üzrə, həm də qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı dialoqu davam etdiririk”, – deyə Nauert bildirib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, məhz bu məsələnin həlli üçün ötən həftə Ankarada ABŞ və Türkiyə rəsmiləri danışıqlar aparıblar.

Qeyd edək ki, Türkiyə KİV-ləri Mövlud Çavuşoğlu ilə Mayk Pompeo arasında iyunun 4-də Vaşinqtonda keçiriləcək görüşdən sonra Suriyada Fərat çayının qərb sahilində yerləşən Menbiç rayonunun mərhələli şəkildə 1 ay ərzində PKK-nın Suriya qolu olan PYD-YPG terrorçularından təmizlənməsi planının işə salınacağına dair məlumatlar yayılıb.