İsraillə Fələstinin fərqi: Təl-Əviv niyə haqlıdır?

İsraillə Fələstinin fərqi: Təl-Əviv niyə haqlıdır? backend

İsrailin əhalisi 8,5 milyon nəfər, ÜDM isə 351 mlrd. dollardır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu ölkədə adambaşına düşən ÜDM 38.127 dollar olmaqla, Fransa və Britaniyanı keçib:

“Əhalisi 4,6 mln. nəfərə yaxın olan Fələstində isə Ümumdaxili Məhsul (ÜDM) – 13,4 mlrd. dollar, adambaşına düşən ÜDM isə 2943 dollardır. Bu ÜDM Afrika ölkələrinin ortalamasına yaxın sayılır. Bundan başqa, İsrail elm və təhsilə hər il 35 mlrd. dollara yaxın pul xərcləyir. Fələstində isə bu rəqəm 900 mln. dollardır ki, bunun da yarısına yaxını dünyadan gələn humanitar yardımdır. Hazırda İsrail dünyanın 130-dən ölkəsinə mal və xidmət ixrac edir. Fələstin isə hər il büdcəsinin 50%-dən çoxunu ABŞ, İsrail, Avropa və digər ölkələrin maddi yardımları ilə doldurur".

Ekspert vurğulayıb ki, Fələstin yaranan gündən bu günə qədər həmin inzibati quruma dünya ölkələri, donorlar tərəfindən 200 mlrd. dollara yaxın müxtəlif yardımlar olub:

“Lakin həmin vəsaitin yarısının korrupsiyaya qurban getdiyi söylənilir. Fələstinlilərin əfsanəsi Ərəfat öləndə məlum oldu ki, müxtəlif ölkələrdə, müxtəlif banklarda onun 3 mlrd. dollar vəsaiti var imiş. Günü bu günə qədər onun varislərinin məhkəmə çəkişmələri davam edir.

İsrailin indiki Baş naziri Netanyahu haqqında İsrail polisi cəmi 230 min dollar rüşvət aldığı şübhəsi ilə araşdırma aparır, artıq 3 dəfə polisə ifadə verib. İsrailin keçmiş 2 prezidenti də müxtəlif korrupsiya faktlarına görə məhkəmədə ifadə verməyə məcbur olublar".

Ekspert bildirib ki, məsələnin insani, siyasi, irqi, dini tərəfini bir kənara qoysaq, haqsız olan, fələstinlilərə qarşı cinayətlər edən İsraili güclü edən məhz bu fərqlərdir:

"Onlarda günah çoxdur, Qərbin min oyunu var, ikiüzlüdürlər, dəyərlərini maraqlarına satandırlar, pisdirlər. Ancaq güclü ölkə olmağın yolu azadlıqların olmağıdır, irəqabətli iqtisadiyyatdır, xalqının rifahıdır - bütün bunların təməli isə elmdir".