Ərdoğan: “Misir Qədim Misirə çevrilir“

Ərdoğan: “Misir Qədim Misirə çevrilir“ backend

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Misirin sabiq prezidenti Məhəmməd Mursiyə qarşı çıxarılmış ölüm hökmünü pisləyib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan ölüm hökmünü Qədim Misirdəki qaydalara bənzədib.

“Misirdə, təəssüf ki, xalq tərəfindən seçilən prezident Mursiyə qarşı ölüm hökmü çıxarılıb. Misir Qədim Misirə çevrilir. Qərb Misirdəki hərbi çevrilişə heç bir reaksiya vermədi. Özlərində ölüm cəzasını ləğv ediblər, baş verənlərə isə kənar müşahidəçi kimi baxırlar”, deyə Ərdoğan İstanbulda mitinqdə bildirib.

Qeyd edək ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursi barəsində ölüm hökmü çıxarılıb. APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölüm hökmü mayın 16-da keçirilən məhkəmə prosesində verilib. Cinayət işində keçmiş prezidentlə yanaşı “Müsəlman qardaşları” hərəkatının 35 üzvünün də adı keçir.

Məlumatda həmçinin qeyd olunur ki, Misir qanunvericiliyinə görə, ölkədə verilən bütün ölüm hökmləri baş müfti tərəfindən təsdiq edilməlidir. Yalnız bundan sonra məhkəmə yekun qərar vermək səlahiyyətinə malikdir. Yekun qərarın isə iyunun 2-də çıxarılacağı gözlənilir.
Diaspora