Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonşu Tanzaniyada zirvə toplantısında iştirak edən Burundi Prezidenti Pyer Nkurunziza mayın 15-də ölkənin paytaxtı Bujumburaya qayıdıb və hakimiyyəti yenidən ələ alıb. Dərhal dövlət radiosu vasitəsilə xalqa müraciət edən Prezident ölkədə dövlət çevrilişinə cəhdin uğursuzluqla nəticələndiyini, sabitliyin bərpa olunduğunu və qonşu ölkələrlə sərhədlərin açıldığını bəyan edib. O, nümayişləri dayandırmağa və yaranan siyasi böhranı həll etmək üçün qarşı tərəfi dialoqa razılıq verməyə çağırıb.
Prezident dövlət çevrilişinə cəhd göstərən qiyamçı qüvvələrin dövlət radiosunu ələ keçirərkən 15 nəfəri itirdiyini, 35 nəfərin yaralandığını, hakimiyyət qüvvələrinin isə 4 hərbçisinin həlak olduğunu bildirib.Dövlət çevrilişinin qarşısı alınsa da, ölkədə gərgin vəziyyət qalmaqdadır. ABŞ-ın bu ölkədəki səfirliyi əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə mayın 15-dən fəaliyyətini dayandırıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 105 min burundilinin sığınacaq tapmaq məqsədilə qonşu Tanzaniyanın, Ruandanın və Konqonun ərazilərinə keçdiklərini bəyan edib.